REGİONLAR
Builki mövsümdə Qəbələdə 64 min tondan çox taxıl istehsal olunub
Qəbələ, 28 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb. Cari mövsümdə rayonda 19 min 450 hektar sahənin məhsulu biçilib, 64 min 670 ton taxıl istehsal olunub. Hər hektara görə orta məhsuldarlıq 33,2 sentner təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.
Qurum rəsmisi bildirib ki, builki mövsümdə qəbələli torpaq mülkiyyətçiləri 14 min 558 hektar buğda sahəsindən 48 min 478 ton, 4 min 892 hektar arpa sahəsindən isə 16 min 192 ton məhsul əldə ediblər. Buğda sahələrinin hər hektarının orta məhsuldarlığı 33,3 sentner, arpa zəmilərinin isə 33,1 sentner olub.
Qurum rəsmisinin sözlərinə görə, builki mövsümdə rayon üzrə ən yüksək məhsuldarlıq Aydınqışlaq, Həmzəlli, Böyük Pirəli, Əmirvan kəndlərinin ərazilərindəki buğda sahələrində qeydə alınıb. Belə ki, həmin təsərrüfatlarda buğda zəmilərində orta məhsuldarlıq 40-45 sentner təşkil edib.
Taxıl yığımı başa çatdıqdan sonra rayonun təsərrüfatlarında payızlıqların səpini üçün yay şumunun çıxarılmasına da başlanılıb. İndiyədək təsərrüfatlarda 2 min hektaradək sahədə yay şumu qaldırılıb.