Cari ilin birinci yarısında Qax rayonuna 5 min nəfərə yaxın turist gəlmişdir
Qax, 11 iyul (AZƏRTAC). Turizm Qax rayonunun iqtisadiyyatında əsas yerlərdən birini tutur. Bu sahənin inkişafı üçün rayonda geniş imkanlar mövcuddur. Əsrarəngiz təbiət, əlverişli iqlim şəraiti turistlərin bölgəyə marağını ildən-ilə artırır. Hazırda rayonda 11 turizm obyekti fəaliyyət göstərir.
Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarov AZƏRTAC-a bildirmişdir ki, turizm obyektlərində yerlərin sayı artıq 600-ə çatdırılmışdır. Bu obyektlərdə qiymətlər 17 manatdan 80 manatadək müəyyənləşmişdir. Ötən ilin noyabrında rayonda ilk ulduzlu otel olan “El-Resort” mehmanxanasının istifadəyə verilməsi turizmin daha da inkişafına təkan vermişdir. Təsadüfi deyildir ki, 2012-ci ilin birinci yarısında rayona 5 min nəfərə yaxın turist gəlmişdir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Gələnlərin 150 nəfərə yaxınını xarici turistlər təşkil etmişdir.
Şöbə müdirinin bildirdiyinə görə, turizm mövsümünün başlanması ilə əlaqədar obyektlərdə geniş hazırlıq işləri görülmüş, xidmətlərin növü çoxaldılmış, keyfiyyəti yaxşılaşdırılmışdır. Kadr hazırlığına da xüsusi diqqət yetirilmiş, bu sahədə çalışanlar üçün treninqlər təşkil edilmişdir, Turistlərin asudə vaxtlarının səmərəli keçməsi məqsədilə obyektlərdə kütləvi tədbirlər, əyləncəli proqramlar, gəzintilər təşkil olunur. Bələdçilər rayonun tarixi, mədəniyyəti, milli adət-ənənələri barədə turistlərə ətraflı məlumat verirlər. Kənd evlərində yerləşən turistlərin mənalı istirahət etmələri üçün də hərtərəfli şərait yaradılmışdır.