Coğrafiya İnstitutunun Elmi şurasının yeni tərkibi təsdiqlənib
Bakı, 2 iyul, AZƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Elmi şuranın iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, mərhum direktor, akademik Ramiz Məmmədovun dünyasını dəyişməsi ilə əlaqədar institutun direktoru vəzifəsini icra edən dosent Rüstəm Rüstəmov Coğrafiya İnstitutu Elmi şurasının müvəqqəti olaraq sədri vəzifəsinə təyin edilib.
İclas iştirakçıları 1 dəqiqəlik sükutla akademikin xatirəsini hörmətlə yad ediblər.
İclasa sədrlik edən R.Rüstəmov gündəlikdə duran məsələləri elan etdikdən sonra institutun Elmi şurasının yeni tərkibi məsələsinə baxılıb və təsdiq edilib. İclasın sədri gündəlikdə duran ekspedisiyaların təşkili və hesabatların təqdim edilməsi məsələsini müzakirəyə çıxarıb, çöl ölçmələrinin elmdə əhəmiyyətini və əldə olunan nəticələrin reallığı əks etdirməsinin vacibliyini önə çəkib, ekspedisiya rəhbərləri tərəfindən yazılan təqdimatların elmi katibə ünvanlanmasını və adıçəkilən məlumatların hesabatda əks olunmasının mütləq olduğunu diqqətə çatdırıb.
Kadrlar şöbəsinin müdiri Rəsul İsmayılov Coğrafiya İnstitutunun yeni strukturu ilə iştirakçıları tanış edib.
Magistratura və doktorantura məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Təhsil şöbəsinin müdiri Müseyib Yunusov şöbənin problemləri haqqında söz açıb, magistrantların 2020/2021-ci tədris ilinin yay imtahan sessiyasını müvəffəqiyyətlə başa vurduqlarını diqqətə çatdırıb.
Sədr R.Rüstəmov Təhsil şöbəsinin elmi katibliklə sıx təmasda olmasının və şöbədə aparılan işlərin elmi katibin nəzarəti altında aparılmasının önəmi haqqında danışıb, gələcəkdə işlərin operativ şəkildə reallaşdırılması üçün prosedur və proseslərin işlənməsi barədə tapşırıqlar verib.
Coğrafiya üzrə fəlsəfə doktoru Elnur Səfərovun İsveçrə tərəfindən ayrılan təqaüd hesabına həmin ölkəyə bir il (sentyabr 2021 - avqust 2022) müddətinə ezam olunması məsələsinə baxılıb və aylıq məvacibi saxlanılmaqla Jeneva şəhərinə ezam edilməsinə qərar verilib.
İclasda, həmçinin Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə Xəzər dənizinə ekspedisiyaların təşkili, “Qarabağın coğrafiyası” adlı monoqrafiyanın hazırlanmasının vəziyyəti, institutun qəzet və elmi jurnallarına abunəlik və s. məsələlər də müzakirə edilərək müvafiq qərarlar verilib.