SİYASƏT
Deputat: Türkiyə Prezidentinin ölkəmizə səfəri qardaşlığın ali səviyyəsinin nümayişidir
![Deputat: Türkiyə Prezidentinin ölkəmizə səfəri qardaşlığın ali səviyyəsinin nümayişidir](/files/2023/2/1200x630/1686640291433413346_1200x630.jpg)
Bakı, 13 iyun, AZƏRTAC
Məlum olduğu kimi, qardaş Türkiyə Cümhuriyyəti və türk xalqı mayın 14-də və 28-də daha bir sınaqdan uğurla çıxdı. Türkiyə yeni yüz ilinə tarix yazaraq, hətta mən deyərdim ki, dünyaya demokratiya dərsi keçərək qədəm qoydu.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O qeyd edib ki, türk xalqı hər zaman olduğu kimi bu dəfə də doğru və müdrik qərar verdi. Türk xalqı heç zaman xarici imperialist mərkəzlərin qara planlarına imkan verməyəcəyini bir daha nümayiş etdirdi. Ən əsası isə türk xalqı bu seçimi ilə - Rəcəb Tayyib Ərdoğana bir daha yüksək etimad göstərməklə türk dünyasının daha da inamla addımlamasına, Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsinə səs vermiş oldu.
Türkiyədəki prezident seçkilərində Azərbaycan ictimaiyyətinin də Rəcəb Tayyib Ərdoğana birmənalı dəstək göstərdiyini vurğulayan deputat əlavə edib: “Ərdoğanın qalibiyyətinə sarsılmaz inamın bariz nümunəsi kimi Azərbaycan Prezidenti seçkilərin birinci turundan sonra Rəcəb Tayyib Ərdoğana zəng etdi və onu yüksək səs faizi topladığına görə təbrik etdi. Türkiyədəki prezident seçkilərinin ikinci turundan sonra da Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən Azərbaycan Prezidenti oldu. Təbii ki, eyni isti və xoş münasibət qardaş ölkə tərəfindən də bizə qarşı səgilənir. Buna misal olaraq heç də uzağa getmədən Türkiyə prezidentinin inauqurasiya mərasimini göstərmək olar. Həmin mərasimdə iştirak edən Azərbaycan Prezidenti və birinci xanıma Türkiyə Prezidentinin və birinci xanımının göstərdiyi xoş münasibəti bütün dünya izlədi. Bu, həm də bütün dünyaya növbəti dəfə “Türkiyə-Azərbaycan qardaşlığı əbədidir!” mesajının verilməsi idi”.
Vüqar İskəndərovun sözlərinə görə, ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsinin məntiqi nəticəsidir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk səfərini Azərbaycana edir və bu, dövlət səfəridir. “Ölkələr arasında həyata keçirilən səfərlərin təsnifatında ilk sırada ali səviyyə xarakteri daşıyan dövlət səfərləri dayanır. Daha sonra rəsmi səfərlər, rəsmi işgüzar səfərlər, işgüzar səfərlər, qonaq səfərləri və şəxsi səfərlər gəlir. Dövlət səfərləri məhz xüsusi protokol qaydalarla, diplomatik mərasimlərlə müşayiət olunur. Burada əsas məqsəd dövlətlərarası münasibətlərin ən yüksək həddinin, ölkələrarası dostluğun, qardaşlığın və əməkdaşlığın ən ali səviyyəsinin nümayişidir. Bütün bu sadalananlar isə prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluq, qardaşlıq münasibətlərindən güc alan Türkiyə-Azərbaycan qardaşlığının daha da inkişaf etdiyini təsdiqləyir”, - deyə deputat bildirib.