Dəyirmi masa: “Heydər Əliyev və onun bizə ərməğan etdiyi bugünkü Azərbaycan”
Bakı, 6 may, AZƏRTAC
“İnjuria” hüquq jurnalı Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və onun bizə ərməğan etdiyi bugünkü Azərbaycan" adlı dəyirmi masa keçirib.
AZƏRTAC xəbər verir ki, ilk öncə redaksiya şurasının bir qrup üzvü Ümummilli Liderin məzarını ziyarət ediblər.
Tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, ədliyyə işçiləri, hüquqşünas alimlər və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə “İnjuria” hüquq jurnalının baş redaktoru Əsmər Əliyeva qonaqları salamlayıb.
Sonra çıxış edən “İnjuria” hüquq jurnalının təsisçisi Kəmalə Məmmədova Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə keçirdiyi hüquqi islahatlar barədə məlumat verib.
Milli Məclisin deputatı Hicran Hüseynova Heydər Əliyevin uzaqgörən siyasəti və siyasi fəaliyyəti ilə bağlı məlumat verib, onun həyatı ilə bağlı dəyərli məlumatları tədbir iştirakçıları ilə bölüşüb.
Milli Məclisin deputatları Vüqar İskəndərov, Rauf Əliyev, Bəhruz Məhərrəmov tədbirin keçirilməsini yüksək qiymətləndirərək Ulu Öndərin hüquqi dövlət quruculuğu sahəsindəki xidmətlərindən söhbət açıblar.
Sonra vəkillər, hüquqşünaslar, ədliyyə işçiləri, ictimai birlik sədrləri çıxış edərək Ümummilli Liderin ideyaları haqqında fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda bütün çıxışların “İnjuria”nın Ümummilli Liderin 100 illiyinə həsr edilmiş may ayındakı xüsusi buraxılışında dərc olunması qərara alınıb.