DÜNYA İCTİMAİYYƏTİ AZƏRBAYCANIN HAQQ SƏSİNİ EŞİDƏCƏKDİR
Bakı, 30 mart (AZƏRTAC). Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə 31 Mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə dünya ictimaiyyətinə müraciət ünvanlamışdır.
Ötən yüzillikdə Azərbaycan xalqının məruz qaldığı faciələri xatırladan şeyxülislam qeyd etmişdir ki, xalqımıza qarşı törədilmiş soyqırımı aktları tariximizdə dərin iz qoymuşdur.
Azərbaycanın bir çox yerlərində 92 il bundan əvvəl - 1918-ci ildə ermənilər tərəfindən törədilmiş ağlasığmaz soyqırımı cinayətlərinin qanlı izləri, kütləvi insan qəbiristanlıqları mövcuddur. Bu yaxınlarda Qubada aşkar edilmiş kütləvi məzarlıq buna əyani misaldır.
Müraciətdə deyilir ki, erməni cəlladların əməllərinə beynəlxalq hüquq müstəvisində qiymət verilməlidir. Bəşəri cinayətlərə münasibətdə siyasi möhtəkirliyə uyma, ikili standartlar mövqeyindən yanaşma, qərəzli təhrif və ya biganəlik nümayiş etdirilməsi qətiyyən yolverilməzdir. Cəzasızlıq yeni cinayətlərə sövq edir. Bariz misal kimi, Ermənistanın cəzasızlıqlardan istifadə edərək Azərbaycanın 20 faiz ərazisini işğal etməsini, dinc əhalini qətlə yetirməsini, milyondan artıq insanı öz doğma yurdundan didərgin salmasını, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə saymazlıq nümayiş etdirməsini göstərmək olar.
Müraciətdə daha sonra deyilir ki, müasir dünyada əsl deyil, qondarma soyqırımları ilə bağlı qayğılananların sıralarının genişlənməsinin şahidi oluruq. Beynəlxalq aləmdə saxta soyqırımlarının tanınması, soyqırımı törədənlərin “soyqırımı qurbanları” kimi qələmə verilməsi yönündə meyillər bizi hədsiz narahat edir. Yaxın tarixdə - 1992-ci ildə Azərbaycan xalqının yaşadığı Xocalı qətliamına hüquqi-siyasi qiymət verilməsi ilə bağlı illərdir etdiyimiz müraciətlər hələ ki bir nəticə vermir. Bütün bunlara rəğmən, biz inanırıq ki, dünya soyqırımlarına məruz qalmış Azərbaycan xalqının haqq səsinə biganə qalmayacaq, onun haqq işinin zəfər çalmasına, tarixi ədalətin bərpasına yardımçı olacaqdır.