Ekspert: Azərbaycanda rəqəmsallaşma prosesi sistemli və institusional transformasiya mərhələsinə keçib
Bakı, 2 mart, Günel Türksoy, AZƏRTAC
Son illər Azərbaycanda dövlət və özəl sektorda rəqəmsallaşma prosesi ayrı-ayrı layihələr mərhələsindən çıxaraq sistemli və institusional transformasiya mərhələsinə keçib.
Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, Topçubaşov Mərkəzinin eksperti Vüsal Quliyev deyib.
O bildirib ki, bu proses, xüsusilə, dövlət xidmətlərinin optimallaşdırılması, biznes mühitinin yaxşılaşdırılması və iqtisadiyyatın şaxələndirilməsi baxımından əhəmiyyətli nəticələr verib: “Rəqəmsallaşma təkcə texnoloji modernləşmə deyil, həm də idarəetmə fəlsəfəsinin dəyişməsi deməkdir. Başqa sözlə, rəqəmsallaşma artıq təkcə texnoloji yenilənmə prosesi deyil, dövlət idarəçiliyinin səmərəliliyini artıran, iqtisadiyyatın rəqabət qabiliyyətini gücləndirən və cəmiyyətin bütün təbəqələrinin xidmətlərə daha bərabər çıxışını təmin edən strateji inkişaf istiqamətinə çevrilib”.
Vüsal Quliyev dövlət sektorunda ən uğurlu nümunələrdən birinin “ASAN xidmət” modeli olduğunu vurğulayaraq bu sistemin yüzlərlə xidməti “bir pəncərə” prinsipi ilə təqdim etməklə vətəndaş–məmur təmasını minimuma endirərək, şəffaflığı artırdığını və xidmət müddətini əhəmiyyətli dərəcədə azaltdığını deyib: “Elektron hökumət platforması, rəqəmsal imza və onlayn reyestrlər sahibkarlıq subyektlərinin qeydiyyatını, vergi bəyannamələrinin təqdim edilməsini və sosial xidmətlərə çıxışı sürətləndirib. Bu isə həm əməliyyat xərclərini azaldıb, həm də iqtisadi fəallığı stimullaşdırıb. Maliyyə sektorunda nağdsız ödənişlərin genişlənməsi, mobil bankçılıq və fintech həllərinin yayılması əhali arasında rahatlıq və təhlükəsizlik təmin etməklə yanaşı, vergi daxilolmalarının şəffaflaşmasına töhfə verir. Telekommunikasiya infrastrukturunun, xüsusilə fiber-optik şəbəkənin regionlara qədər genişləndirilməsi isə rəqəmsal uçurumun azaldılması baxımından mühüm rol oynayır. Logistika və nəqliyyat sektorunda rəqəmsal gömrük sistemləri, elektron yükizləmə və liman idarəetmə həlləri Azərbaycanın regional tranzit mərkəzi kimi mövqeyini gücləndirir. Bu transformasiya uzunmüddətli perspektivdə məhsuldarlığın artmasına, iqtisadiyyatın şaxələndirilməsinə və innovasiya əsaslı inkişaf modelinə keçidə şərait yaradır”.