Ekspert: Büdcə gəlirlərində daha çox artımlar müşahidə olunacaq
Bakı, 13 iyul, AZƏRTAC
Prezident İlham Əliyev 6 ayın yekunlarına həsr olunmuş müşavirədə ölkədə dayanıqlı inkişafın təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, azad edilmiş torpaqların bərpası və sosial-iqtisadi sahələrdə aparılmış islahatların genişləndirilməsi ilə bağlı önəmli açıqlamalar verdi. Belə ki, birinci yarım ildə sənaye üzrə qeyri-neft sektorunda artım 6,5 faiz, ümumilikdə isə qeyri-neft sektorunun ümumi çəkisində 3 faiz artım olub. Ölkə üzrə xarici borc ÜDM-in 10 faizindən aşağı - 6,7 milyard manat təşkil edib. İdxal-ixrac əməliyyatları üzrə profisit kəskin artaraq 10 milyard manata çatıb.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Hüseyn bildirib.
Ekspert deyib: “Təbii sərvətlərlə zəngin ölkələrdə inkişaf tempi aşağı olur, bir çox hallarda kəskin defisitlə müşahidə edilir. Çünki bu cür ölkələr adətən daha çox idxala üstünlük verir. Əlbəttə ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Lakin, 2002-2023-cü illərdə Azərbaycanın iqtisadi inkişaf tempinə nəzər yetirdikdə görmək olar ki, ölkədə həyata keçirilən iqtisadi islahatlar nə qədər səmərəli və effektiv olmuşdur. Sosial sahədə görülmüş tədbirlərin bir hissəsi kimi minimum əməkhaqqının və minimum pensiyanın artırılması əhalinin sosial rifahının inkişafına göstərilən diqqətin nəticəsidir. Düzdür, burada inflyasiyanı da nəzərə almaq lazımdır. Amma hesab edirəm ki, burada birbaşa səbəb iqtisadi amillər deyil, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar yaranmış vəziyyətin də böyük təsiri olub. Əlbəttə ki, görülən işlər bununla yekunlaşmır. Bu yaxınlarda sosial sığorta haqqında qanuna dəyişiklik edilərək daha da təkmilləşdirilib, əhalinin sosial inkişafının yüksəldilməsi istiqamətində müavinətlər artırılıb. Sözsüz ki, zamanın tələbinə uyğun olaraq yenə də təkmilləşdirməyə ehtiyac olacaq. Lakin indiki halda sosial-iqtisadi siyasət istiqamətində həyata keçirilmiş tədbirlər və qəbul olunmuş qanunlar əhalinin maddi rifahının kifayət qədər yüksəldilməsinə xidmət edir”.
Azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə gəlincə, Rəşad Hüseyn qeyd edib ki, 2020-ci ildən bu günə qədər Qarabağda bir sıra yaşayış məntəqələri bərpa olunub, nəqliyyat infrastrukturu, yol qovşaqları tikilib. İnfrastrukturun qurulması tam olaraq Azərbaycan büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilib.
Bundan başqa, artan qlobal çağırışlar ölkənin təhlükəsizliyini təmin etmək üçün ordu quruculuğu işlərini daha da inkişaf etdirməyi vacib edir. Bu istiqamətdə də büdcədən kifayət qədər vəsait ayrılıb.
“Müşavirədə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, Şimal-Cənub, həmçinin Şərq-Qərb istiqamətlərində nəqliyyat daşımalarını əlverişli etmək üçün yol infrastrukturunun inkişafının vacibliyi də qeyd edildi. Əsas diqqət çəkən məqam yol infrastrukturları ətrafında istehsal müəssisələrinin yaradılması, daha əlverişli iqtisadi gəlirliliyin təmin edilməsidir. Biz bunu sürətlə artan azad iqtisadi zonaların timsalında görə bilərik. Ümumiyyətlə, iqtisadiyyatın şəffaflaşdırılması, maliyyə sahəsində nizam-intizamın yaradılması nəticəsində ilin son aylarında büdcə gəlirlərində daha çox artımları müşahidə etmək mümkün olacaq. Bu da ölkəmizin gələcəkdə daha çox gəlir əldə etməsinə və həmin gəlirlə daha geniş sahələrin inkişaf etdirilməsinə təkan verəcək”, - deyə R.Hüseyn diqqətə çatdırıb.