Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində bayram tədbiri keçirilib
Bakı, 28 dekabr, AZƏRTAC
Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə liseyin rəisi, general-mayor Məhəmməd Həsənov hər iki bayram münasibətilə kursantları təbrik edib.
Qeyd edilib ki, dekabrın 31-i Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan bütün dünyada yaşayan soydaşlarımız tərəfindən hər il milli birlik və həmrəylik günü kimi qeyd olunur. Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu günün başlıca qayəsini dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə hörmət, Azərbaycan xalqına mənsubluq, vətəninə bağlılıq hisləri və ideyaları təşkil edir. Belə tədbirlərin keçirilməsi kursantlara vətənpərvərlik, dövlətçilik ənənələrini aşılamaqla yanaşı, onlarda Vətənimizə, xalqımıza olan sevgi hislərini daha da artırır.
Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı konsert proqramı ilə çıxış edib, kursantlar tərəfindən mahnılar ifa olunub.