ERMƏNİ MƏKRİNƏ, ŞOVİNİZMİNƏ, SEPARATİZMİNƏ TEZLİKLƏ SON QOYULACAQDIR
Ağcabədi, 31 mart (AZƏRTAC). Laçın ictimaiyyətinin nümayəndələri Ağcabədidə, müvəqqəti məskunlaşdıqları Taxtakörpü qəsəbəsində 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anma mərasimi keçirmişlər.
Mərasim iştirakçıları “Şəhidlər” abidə kompleksinin önünə gül-çiçək qoymuş, soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi proseslər, Qafqazda erməni daşnakları tərəfindən törədilmiş soyqırımlar haqqında danışmışdır. Bildirmişdir ki, ermənilər 1988-ci ildən başlayaraq azərbaycanlıların əzəli torpaqlarında işğalçılıq və etnik təmizləmə siyasəti aparmağa başlamışlar. Nəticədə respublika ərazisinin 20 faizə qədəri işğal edilmiş, 20 min nəfər həlak olmuş, 4 min nəfər itkin düşmüş, minlərlə insan əsir və girov götürülmüş, 4 mindən çox sənaye və kənd təsərrüfatı müəssisəsi, 600 məktəb və uşaq bağçası, 250 tibb müəssisəsi dağıdılmış, 724 yaşayış məntəqəsi qarət edilərək yandırılmışdır. Ermənilərin zaman-zaman xalqımıza qarşı törətdiyi faciələrdən dünya ictimaiyyəti uzun müddət xəbərsiz qalmışdır. Yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu faciələr dünya ictimaiyyətinə çatdırılmış, ulu öndərin 1998-ci il 26 mart tarixli Fərmanı ilə martın 31-i Azərbaycanlıların soyqırımı günü elan edilmişdir və hər il qeyd olunur.
Mərasimdə çıxış edənlər erməni faşizmini lənətləmiş, törədilmiş faciələrdən danışmışlar. Laçınlı məcburi köçkünlər çıxışlarında bildirmişlər ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmiz qüdrətlənmiş, beynəlxalq aləmdə nüfuzu artmışdır və yaxın vaxtlarda erməni məkrinə, şovinizminə, separatizminə birdəfəlik son qoyulacaqdır.
Sonda məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiya göstərilmişdir.