ERMƏNİ VƏHŞİLİKLƏRİ PİSLƏNMİŞDİR
Yardımlı, 31 mart (AZƏRTAC). Yardımlı Rayon İcra Hakimiyyətində 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı keçirilən toplantıda soyqırım qurbanlarının xatirəsi dərin hüznlə anılmışdır.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov ermənilərin törətdiyi, total ideoloji təcavüz, terror və irimiqyaslı hərbi əməliyyatlarla müşayiət olunan soyqırımı nəticəsində yüz minlərlə soydaşımızın dədə-baba torpaqlarından qovulduğunu, müxtəlif təzyiq və təhqirlərə məruz qaldığını bildirmişdir.
Erməni millətçilərinin 200 ilə yaxın bir dövrdə azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri pisləyən X.Aslanov soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, bu hadisələrə hüquqi və siyasi qiymətin verilməsində ümummilli liderimizin başladığı məqsədyönlü fəaliyyətin Prezident İlham Əliyev tərəfindən uğurla dvam etdirildiyini diqqətə çatdırmışdır.
Toplantıda rayon icra hakimiyyəti aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Şakir Kərimovun 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı məruzəsi dinlənilmişdir.
Çıxış edənlər ermənillərin zaman-zaman Azərbaycanlara qarşı həyata keçirdikləri soyqırım siyasətini pisləyərək, mənfur düşmənlərimizin öz çirkin əməllərini bu gün də davam etdirdiyini, Azərbaycanın 20 faiz ərazisinin zəbt edildiyini, soydaşlarımızın olmazın əziyyətlərə düçar olduğunu, əzəli torpaqlarından qovularaq qaçqın və məcburi köçkün həyatı yaşadıqlarını bildirmişlər.
Çıxışlarda nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qətnamələrinə məhəl qoymayan ermənilərin Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə öz cəzalarına çatacaqlarına, zəbt olunmuş torpaqlarımızın azad olunacağına, qaçqın və köçkün ailələrin öz doğma torpaqlarına qayıdacaqlarına əminlik ifadə olunmuşdur.