Gənc rəssamın “Mənim rəngli dünyam” adlı sərgisi açılıb
Sumqayıt, 9 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Heydər Əliyev Mərkəzində gənc rəssam Mehriban Əliyevanın “Mənim rəngli dünyam” adlı fərdi sərgisinin açılışı olub. Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan sərgi Ümummilli Lider Heydər Əliyevin 100 iliyinə həsr edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar Mərkəzin foyesində Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar.
Tədbir müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğulların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Moderator, yazıçı-dramaturq, kulturoloq Hafiz Ataxanlı böyük zəka sahibi, görkəmli dövlət xadimi, qüdrətli diplomat Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənətinə göstərdiyi qayğıdan danışıb və yubiley çərçivəsində sərgisi keçirilən gənc rəssam Mehriban Əliyevanın yaradıcılığının səciyyəvi cəhətlərini vurğulayıb.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində mütəmadi tədbirlərin keçirildiyini bildirərək, bütün layihələrdə, elmi-praktik konfranslarda, dəyirmi masalarda, ədəbi-bədii gecələrdə, sərgilərdə görkəmli dövlət xadiminin kitablara, filmlərə sığmayan titanik fəaliyyətindən geniş söhbət açıldığını qeyd edib.
Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi, rəssam Nəvai Metin, Əməkdar həkim Kamil İbadov, şəhid anası Sürəyya Mehdiyeva, “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Quliyev gənc rəssamın çeşidli işləri barədə danışıblar. Çıxışlarda Mehriban Əliyevanın ebru, akvarel, qrafika, yağlı boya kimi üslublarda işlərinin spesifik cəhətləri vurğulanıb.
Gənc rəssama Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, təhsil aldığı 15 nömrəli tam orta məktəbin və Sumqayıt Dövlət Rəsm Qalereyasının fəxri fərmanları və hədiyyələr təqdim edilib.
Tədbir zamanı Sumqayıt şəhər Ə.Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin kollektivinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səslənib.