“Gəncə avtomobil zavodu” İB-də Ulu Öndərin xatirəsi anılıb
Gəncə, 10 may, Elcan Məmmədov, AZƏRTAC
“Gəncə avtomobil zavodu” İstehsalat Birliyində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan konfrans keçirilib.
İB-dən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra dahi şəxsiyyət Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad olunub.
Konfransda çıxış edən birliyin direktoru Bağban Nəbiyev Ulu Öndərin həyat və fəaliyyətindən danışaraq, milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin Azərbaycanda bütün sahələrin - sənayenin, elmin, təhsilin, səhiyyənin inkişafında, elm tutumlu istehsal sahələrinin yaradılmasında böyük rolundan danışıb.
Birliyin mətbuat katibi Məqsəd Rəhimov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın iki fərqli və hətta tam ziddiyyətli siyasi formasiyaya malik olduğu ayrı-ayrı dövründə respublikaya rəhbərlik edib. Ümummilli Lider 1969-1982-ci illərdə Azərbaycan SSR və 1993-2003-cü illərdə müstəqil Azərbaycana rəhbərlik edib. Bu dövrlərdə ölkəmiz gündən-günə çiçəklənib, inkişaf edib və dünya ölkələri sırasında tanınmağa başlayıb.
Sonra digər çıxış edənlər də ölkəmizin hərtərəfli inkişafı üçün Ümummilli Liderin hazırladığı və dövlət başçısı tərəfindən hazırda inamla inkişaf etdirilən strateji istiqamətlərin hələ uzun illər müstəqil dövlətimizin daha da möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın rifah səviyyəsinin daha da yüksəldilməsi işinə xidmət edəcəyini diqqətə çatdırıblar.
Konfransın sonunda dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Heydər Əliyev Gəncə avtomobil zavodunun yaradıcısıdır” adlı sənədli film nümayiş olunub.