Hərbi İdarəetmə İnstitutunun dinləyiciləri FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında olublar
Bakı, 21 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının (MMQ) komandanlığında Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursunun dinləyiciləri ilə görüş keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kursun tədris proqramına uyğun olaraq tədbirin məqsədi dinləyicilərin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında MMQ-nin rolu, şəxsi heyətinin hazırlığı və texniki təminatı barədə məlumatlandırılması olub.
Tədbirin əvvəlində MMQ-nin komandanlığında Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilib, sonra qonaqlar Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən çoxsaylı fotoekspozisiya ilə tanış olublar.
Tədbir çərçivəsində MMQ-nin və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin fəaliyyəti haqqında təqdimat keçirilib, xüsusi təyinatlı texnikalara, yanğın-texniki və xilasedici avadanlıqlara baxış keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb və dinləyicilərin sualları cavablandırılıb.