Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev - zamanın fövqündə

Heydər Əliyev - zamanın fövqündə

Bakı, 10 may, AZƏRTAC

Anadan olmasının 100-cü ildönümündə böyük dövlət və siyasi xadim, Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi müstəsna tarixi roluna nəzər yetirmək, fəaliyyətini araşdırmaq, toplanmış tarixi təcrübəni öyrənmək, elmi-nəzəri ümumiləşdirmələr aparmaq praktik siyasət və perspektivlər baxımdan əhəmiyyətlidir. Yaşadığı dövrdən zaman etibarı ilə uzaqlaşdıqca böyüklüyü daha çox görünən, Azərbaycanın güclü və müstəqil bir dövlət kimi yaşaması, inkişaf etdirilməsi, xalqımızın qüdrətli olması üçün çalışan bütün şəxslərə mənəvi-siyasi irsi baxımından daha da yaxınlaşan Heydər Əliyevin müstəqil dövlətçiliyə dair fəaliyyətinin və strateji düşüncələrinin bütün tərəflərini bir məqalədə təhlil etmək mümkün deyil. Bundan ötrü dərin elmi-tədqiqat işlərinin aparılmasına və əsərlərin yazılmasına ehtiyac var. Məqalənin yazılmasında başlıca məqsəd Azərbaycanın dövlət müstəqilliyinin əsaslarının yaradılması və qorunub saxlanılmasında, dövlət quruculuğunda, strateji hədəflərin müəyyənləşdirilməsində Heydər Əliyevin fəaliyyətini ümumiləşdirilmiş elmi-nəzəri təhlil etməkdir.

AZƏRTAC Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının “Heydər Əliyev - zamanın fövqündə” məqaləsini təqdim edir.

Tarixi tədqiqatların dünyada qəbul olunmuş metodoloji prinsiplərinə görə dövlət və siyasi xadimlərə bir sıra meyarlar əsasında qiymət verilir. İlk növbədə, tarixi şəxsiyyət konkret məkan və zaman daxilində yaşadığından fəaliyyətinə də məhz həmin çərçivədə yanaşmaq, təhlil etmək və qiymətləndirmək tarixi tədqiqatların başlıca metodoloji tələblərindən biridir. Məkansız və zamansız tarix olmadığı kimi, həmin çərçivədən kənarda fəaliyyət göstərən dövlət və siyasi xadim də yoxdur. Onlar mücərrəd deyil, konkret ictimai-siyasi şəraitə uyğun olaraq millətinin və dövlətinin xeyrinə müvafiq qərarları qəbul edirlər. İkincisi, dövlət və siyasi xadimlərin fəaliyyətinə özündən sonra gələnlərlə deyil, özündən əvvəlkilərlə müqayisədə qiymət verilir. Çünki onlar bir neçə on illər sonra nəyin və necə baş verəcəyini əvvəlcədən görə bilməzlər. Yalnız zamandan uca olanlar, millətinin strateji inkişaf yolunu müəyyənləşdirən, tərəqqisindən ötrü başlıca şərt olan dövlətinin güclənməsinə ömrünü həsr edən dövlət və siyasi xadimlər dahilər, dühalar olurlar. Sonrakı tarixi dövrlərində hakimiyyətə gələnlər xalqını və dövlətini daha da güclü etmək üçün məhz onların siyasi, dövlətçilik irsinə və təcrübəsinə müraciət edir, ibrət dərsi alırlar. Zəif dövlət rəhbərlərini tarixin səhifəsindən silib çıxarmaq mümkün olmasa da, dövlət və siyasi xadimlər onların irsinə adətən müraciət etmirlər. Ona görə ki, heç bir dövlət rəhbəri ölkəsinin zəif olmasını istəməz, milli dövlətçilik tarixindən güclü örnəkləri öyrənmək lazım gəlir. Məhz həmin meyarlar baxımından Heydər Əliyevin dövlətçilik irsinə diqqət yetirmək, bəzi suallara dərin elmi əsaslandırılmış cavablar vermək, keçilən yolu doğru qiymətləndirmək və düzgün nəticələr çıxarmaq əhəmiyyətlidir. Heydər Əliyevin dövlət və siyasi xadim olaraq fəaliyyəti Azərbaycan dövlət adamlarına, siyasətçilərinə hansı ibrət dərslərini verir? Regionun geosiyasətinin dəyişməsinə təsir edən dövlət rəhbəri kimi Heydər Əliyevin fəaliyyəti 100 ilin zirvəsindən necə görünür? Bu məqalə qətiyyən təbliğat xarakteri daşımır, görkəmli dövlət və siyasi xadimin, tarixi şəxsiyyətin fəaliyyətinə tarixçi baxışıdır.

***

Məlum olduğu kimi, 1918-ci ilin may ayında Azərbaycan xalqı bir ilkə imza ataraq müsəlman Şərqinə respublika məfkurəsini gətirdi, Azərbaycan Xalq Cümhuriyyətini qurdu, müsəlman xalqlarına müstəmləkəçilikdən qurtulmağın yolunu göstərdi. Lakin Cümhuriyyətin ömrü uzun olmadı, 1920-ci ilin aprelində bolşevik Rusiyasının işğalına məruz qaldıqdan sonra milli dövlət süquta uğradı və Azərbaycan SSR yaradıldı. XX əsrin 20, 30 və 40-cı illəri sovet dövlət quruculuğu adı altında müstəqil dövlətçiliyin ən kiçik təzahürlərinin ləğv edilməsi, təbii sərvətlərinin amansızlıqla talan edilərək daşınıb aparılması, Azərbaycanın Mərkəzə daha çox bağlanması, milli ədəbiyyatın, milli ruhlu ziyalıların amansız təqib edilmələri və repressiyalar ilə yadda qaldı. Azərbaycan rəhbərliyində təmsil olunan şəxslər arasında davam edən intriqalar, Mərkəzə şikayət dolu məktubların göndərilməsi respublikaya olan mənfi münasibəti daha da artırırdı. Sovet lideri Stalinin ölümündən sonra ölkədə nisbi yumşalma baş versə də soyuqqanlı davranışların yerini hissiyyatlar tutduğundan Mərkəzi hakimiyyət Azərbaycanı cəzalandırdı, milli ruhlu insanları sıxışdırdı və bir sıra rəhbər şəxsləri vəzifələrindən uzaqlaşdırdı.

1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda şərait tədricən dəyişdi. Fabrik və zavodların tikilməsi nəticəsində rayonlardan gənclərin paytaxta gəlməsilə çarizm və sovet dövrlərində digər xalqların gətirilməsi ilə simasını itirmiş Bakı şəhərində milli ruh bərpa olunmağa başladı. Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd seçilməsi ilə millətin özünə inamı artdı. Xarici ölkə tarixçilərinin yazdığı kimi, Azərbaycanın şimalı çar Rusiyası tərəfindən işğal edildikdən sonra özlərini sındırılmış hesab edən azərbaycanlılar XX əsrdə yalnız iki dəfə Bakıda başlarını dik tutaraq gəzmişdilər: birinci dəfə Nuru Paşa komandanlığında Azərbaycan və Osmanlı hərbçilərindən təşkil edilmiş Qafqaz İslam Ordusu tərəfindən 1918-ci ilin sentyabr ayında şəhər azad edildikdən sonra; ikinci dəfə isə Heydər Əliyevin hakimiyyəti altında özlərinə inamın artdığı 70-ci illərdə.

Azərbaycanın dövlət müstəqilliyi üçün zəruri olan obyektiv amillər, maddi təməllər sovet sistemi daxilində formalaşdı. Respublika ərazisinin qorunmasına, hakimiyyətin güclü olmasına, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirildi, demoqrafik inkişaf baş verdi.

Məlum olduğu kimi, sovet sistemi şəraitində həm də Mərkəzin işarəsi ilə Azərbaycanı daxildən zəiflətmək, didib-parçalamaq məqsədi güdən intriqalar, “Bakı işi” adı altında Moskvada partiya iclaslarında müzakirə olunan məsələlər xalq haqqında mənfi rəy formalaşdırırdı. Bu hallara son qoyan Heydər Əliyev hakimiyyətin qanadları arasında yekdillik yaratdı, xalq və hakimiyyət arasında birlik qurdu, milli kadrların yetişdirilməsinə və yerləşdirilməsinə üstünlük verdi. Bütün ölkədə slavyan xalqlarının nümayəndələri respublikalarda vəzifələrə gətirildiyi halda Heydər Əliyev milli kadrları hazırlamağa və ətrafına toplamağa başladı. Xarici tədqiqatçıların fikrincə, Heydər Əliyevin qazandığı uğurların kökündə yerli milli kadrlara arxalanması dayanırdı.

İstiqlal üçün tələb olunan mənəvi amillərin formalaşdırılmasından ötrü tədbirlər görüldü. Məlum olduğu kimi, XIX əsrin sonları - XX əsrin əvvəllərində maarifçilərin, şair, yazıçı və alimlərin əsərlərində intişar tapmış Azərbaycanın istiqlal fikri Cümhuriyyətin qurulmasında başlıca rol oynamışdı. İstiqlal məfkurəsini əsərlərində qoruyan alim, şair, yazıçı və jurnalistlər sovet hakimiyyəti qurulduqdan sonra amansız repressiyalara məruz qalmışdılar. Respublikada dissidentlərin yaranmasına imkan verməyən Heydər Əliyev məharətlə həmin şəxsləri bütöv Azərbaycan, Cənubi Azərbaycan məsələsindən yazmağa təşviq edir, Mərkəzin cənginə vermir, bəzən yüngülcə tənqid etsə də az sonra onlara yüksək fəxri adlar verib vəzifələrə təyin edərək qoruyurdu. Xarici ölkə tarixçilərinin yazdığı kimi, 70-ci illərdə azərbaycanlı şair və yazıçıların əsərlərindəki bölünmüş Azərbaycanın hər iki tayının birləşdirilməsi fikri Mərkəz Komitənin birinci katibinin kabinetinin açıq pəncərələrindən axaraq onların düşüncələrinə və əsərlərinə hakim olurdu.

Heydər Əliyev millətin varlığının əsas amili olan Azərbaycan dili sahəsində tədqiqatların aparılmasına dair göstərişlər verir, görkəmli dilçi alimlərə dövlət mükafatlarını verirdi. Bu, tariximizdə bir ilk idi.

Azərbaycan ədəbiyyatının görkəmli xadimlərinin xatirəsini əziz tutan, əbədiləşdirən Heydər Əliyevin türkçü, turançı kimi həbs olunmuş və Uzaq Sibir sürgünündə vəfat etmiş Hüseyn Cavidin məzarını bir vaxtlar işlədiyi Bakıya deyil, doğulduğu Naxçıvana köçürməsi Azərbaycanın bir parçasını sovet dövründə ümumi vətən hesab edilən SSRİ məfhumundan üstün tutduğunu göstərirdi.

Kərbəlada böyük Məhəmməd Füzulinin məzarının dağılması təhlükəsi yarandıqda iclasların birində üzünü şair Süleyman Rüstəmə tutaraq söyləyir ki, get İraqın Bakıdakı konsulunun xirtdəyindən tut və de Füzuli mənim mənliyimdir, varlığımdır, qorxma, mən nə qədər varam, Sizə heç kim bir söz deyə bilməz. Buna bənzər sözləri yazıçı Mirzə İbrahimova da deyir. Belə mövqe təkcə ədəbi tarixi irsin mühafizəsinə qayğı deyil, eyni zamanda, şair, yazıçı, jurnalist və alimlərə qorxmadan yazıb yaratmağa bir işarə idi.

1982-ci ilin sonlarında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi ilə Heydər Əliyevin həyat və fəaliyyətinin Moskva mərhələsi başlayır. Azərbaycanlı, müsəlman olan Heydər Əliyevin Moskvada rəhbər vəzifələrə gətirilməsi, dünyanı lərzəyə salan sovet imperiyasını idarə edən şəxslərdən biri olması ilk növbədə dövlət idarəçilik bacarığı, yüksək intellektual səviyyəsi, Kreml rəhbərliyinin Əfqanıstana hərbi müdaxilədən sonra ölkənin müsəlman dünyasında itirilmiş nüfuzunu bərpa etmək niyyətləri ilə bağlı idi. Mərkəzdə belə hesab edirdilər ki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunda olan Qazaxıstandan Dinmühəmməd Kunayev və Özbəkistandan Şərəf Rəşidov bəlli səbəblərdən bu vəzifələri yerinə yetirə bilmirlər. Bu işlərin öhdəsindən müsəlman Şərqini dərindən bilən, xalqları və ölkələrinin rəhbərləri tərəfindən qəbul olunan yalnız Heydər Əliyev gələ bilərdi. Xarici ölkə tarixçilərinin yazdığı kimi, Mərkəz üçün Heydər Əliyev dövlət, partiya xadimi, müsəlman Şərqi xalqları və liderləri üçün Heydər, Əli, Əlizadə idi. Digər tərəfdən, xarici müəlliflər qeyd edirlər ki, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın müstəqilliyə tam hazırlandığı, yalnız onun formal olaraq elan edilməsinin qaldığı qənaətinə gələn Mərkəz, bunun qarşısını acı nəticələri ola biləcəyindən vəzifədən çıxarmaqla deyil, Moskvada daha sərt nəzarət altında saxlamaqda görürdü. Həmin səbəblərə görə, Heydər Əliyev Moskvada yüksək vəzifələrə gətirildi. Sonralar çıxışlarının birində Heydər Əliyev bununla əlaqədar deyirdi: “Doğrudur, 22 il bundan öncə biz bilmirdik ki, Azərbaycan müstəqil dövlət olacaqdır. Lakin mən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım”. Heydər Əliyevdən sonra hakimiyyətə gələn Azərbaycan rəhbərləri respublikanın gücləndirilməsi xəttini davam etdirə bilmədilər, hər şey geriyə getdi.

Heydər Əliyevin fikrincə, müsəlman Şərqində sovet dövlətinin nüfuzunu artırmaq, xalqlar üçün cəlbedici etməkdən ötrü SSRİ-nin müsəlman respublikalarının sosial-iqtisadi, mədəni inkişafına xüsusi diqqət yetirilməli idi. Bununla da o, SSRİ-nin türk, müsəlman xalqlarının lideri səviyyəsinə yüksəlirdi.

80-ci illərin ortalarında SSRİ-də hakimiyyətə gələn Mixail Qorbaçov türk, müsəlman respublikalarının Leonod Brejnev dövründə xeyli irəli getdikləri, dövlət müstəqilliklərini elan etməyə hazır olduqları qənaətinə gəldiyindən onların ölkə rəhbərliyindəki xadimlərinə etinasızlıq göstərərək vəzifələrindən uzaqlaşdırdı, xalqlarını isə cəzalandırdı. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 1987-ci ilin oktyabr plenumunda Heydər Əliyev vəzifələrindən çıxarıldıqdan az sonra Ermənistan Azərbaycana qarşı əsassız iddialarını irəli sürərək daxili işlərinə kobud şəkildə qarışmağa başladı. Ermənistanda əzəli torpaqlarında yaşayan azərbaycanlılar vəhşicəsinə qovularaq qaçqına çevrildilər, tarix və mədəniyyət abidələri dağıdıldı. Bunların qarşısını almaq iqtidarında olmayan hakimiyyət Azərbaycanı böhrana düşürdü. Rəhbərlər bir-birinin ardınca dəyişsə də vəziyyət düzəlmədi. Respublikada qarışıqlıq yarandı, dövlət və hökumət strukturları iflic vəziyyətinə düşdülər.

Ermənistanı dayandırmaq əvəzinə Azərbaycanı cəzalandıran sovet rəhbərliyi tərkibinə ehtiyatda olan ermənilərin də cəlb edildiyi qoşun hissələri ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc əhaliyə qarşı kütləvi qırğın törətdi. Moskvada təhlükəsizliklərinin təmin edilməməsinə baxmayaraq, bu qanlı hadisədən sonra Heydər Əliyev ailə üzvlərilə birlikdə Azərbaycan daimi nümayəndəliyinə gəlib bəyanat verərək 20 Yanvar qətliamını törədənləri ittiham etdi, ən ağır zamanda xalqının yanında oldu. Bu addımı onun gələcək siyasi və milli dövlətçilik fəaliyyətində zirvəyə aparan yolun başlanğıcı, yeni şəraitdə ümummilli liderlik üçün ilk addım idi. Həyatında dönüş anı olan 20 Yanvar hadisəsindən sonra Mərkəz ilə yolunun bir olmadığı qənaətinə gələn Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etmək xəttini götürdü.

Moskvada yaşamağın mümkün olmadığını görən Heydər Əliyev Azərbaycana gəlsə də uzun illər boyu respublikaya rəhbərlik etməsinə baxmayaraq, yaşamağa mənzili olmadığından və yerli rəhbərlər də onun Bakıda qardaşının evində qalmasına razılıq vermədiklərindən doğulduğu Naxçıvana getməyə məcbur oldu. Az sonra Heydər Əliyevin bəyanat verərək Kommunist Partiyasının sıralarından istefa etməsi bu ideologiyanın iflasında təsirli rol oynayan amillərdən biri oldu. Minlərlə insan ondan nümunə götürərək partiya biletlərindən imtina etdi. SSRİ-nin ideoloji əsası olan Kommunist Partiyası dağıldı.

1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və bir müddət sonra isə sədri seçilməsi ilə Heydər Əliyevin həyat və fəaliyyətinin yeni bir mərhələsi başlandı. Sovet sisteminin və SSRİ-nin mövcud olmasına baxmayaraq, ağsaqqal deputat kimi sədrliyi ilə Naxçıvanda Ali Sovetin ilk sessiya iclasında sovet artibutlarından imtina olundu, MSSR-in adından “Sovet Sosialist” ifadələri çıxarıldı, Ali Sovet Ali Məclis adlandırıldı. Sovet dövlətinin inkar etdiyi Cümhuriyyətin üçrəngli bayrağı ilk dəfə Naxçıvanda rəsmi dövlət bayrağı kimi qəbul edildi və Azərbaycan rəhbərliyinə yeni atributları qəbul etmək tövsiyə edildi. Naxçıvan müasir müstəqil Azərbaycan milli dövlətçiliyinin bərpasının onurğa sütunu oldu. Heç şübhəsiz, bu qərar müasir tariximizin ən vacib hadisələrindən və Heydər Əliyevin millət qarşısında böyük tarixi xidmətlərindən biri olmaqla zamanın fövqündə dayandığını göstərir.

Naxçıvanda Heydər Əliyev dünya azərbaycanlılarının birliyindən ötrü qəbul edilən qərarların təşəbbüskarı oldu. Məlum olduğu kimi, Azadlıq meydanında keçirilən mitinqlərin xarakterini dəyişdirərək ona islam fundamentalizm damğası vurmaq məqsədilə sovet rəhbərliyinin tapşırıqlarına əsasən DTK İran İslam Respublikasının bayraqlarını göndərirdi. Bir müddət sonra SSRİ-İran sərhədinin Naxçıvan hissəsində tikanlı məftillərin sökülməsi də həmin niyyətlərə yönəlmişdi və millətimizin üstünə atılan ləkə idi. Heydər Əliyev dekabrın 31-nin Dünya Azərbaycanlıların Həmrəyliyi Günü elan edilməsinə nail olmaqla həmin ləkəni sildi və bütün azərbaycanlıları tək bayraq, tək dövlət, tək vətəndə birləşdirdi.

SSRİ dağıldıqdan sonra Azərbaycan xalqı və dövlətinin qarşısında dayanan vəzifələri - dövlət müstəqilliyini tanıtmaq və qorumaq; ölkənin inkişafının açarını tapmaq; Ermənistanın təcavüzünə son qoymaq; diktaturadan demokratiyaya, planlı təsərrüfatdan azad bazar iqtisadiyyatına keçmək və s. bir-birini əvəz edən Azərbaycan rəhbərləri yerinə yetirə bilmədiklərindən hakimiyyət ilə xalq arasında uçurum, hakimiyyətin qanadları arasında ziddiyyətlər dərinləşdi. Ölkənin daxili və xarici siyasəti ağır vəziyyətə düşərək dalana dirəndi, ümumi böhran yarandı. Ermənistanın hərbi təcavüzü davam etdiyi bir vaxtda Gəncədə hərbi hissədə baş verən qiyam yatırılmadığından hakimiyyət ölkədəki proseslər üzərində nəzarəti tamamilə itirdi. Azərbaycanın şimalı və cənubunda xarici düşmən qüvvələr tərəfindən dəstəklənən separatçılıq artdı, ölkə parçalanmaq, xalq vətəndaş müharibəsi, dövlət müstəqilliyi itirilmək təhlükəsi qarşısında qaldı. Belə ağır şəraitdə vəzifədə olanlar bir-birinin ardınca istefa verərək məsuliyyətdən yaxa qurtarmaq yolunu tutdular, bəziləri vəzifələrini “dondurdular”, bəziləri isə qaçıb gizləndilər. Bu, Azərbaycan dövlətçiliyi tarixində pis bir an olan, gələcəkdə xatırlanası və müraciət ediləsi deyil, utancverici bir səhifə idi. Sabaha ümidinin olmadığı xalq nicat yolu axtarırdı: Nə etməli? Ölkəni ağır şəraitdən kim çıxara bilər?

Xalqda formalaşmış qəti inama görə yalnız Heydər Əliyev Azərbaycan dövlətini dağılmaqdan, ümumi böhrandan, mənəvi-psixoloji böhrandan çıxara, Ermənistanın hərbi təcavüzünü dayandıra, ölkəni fəlakətə salmış bərbad xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi. Ona görə də Naxçıvana - Heydər Əliyevə müraciət etdi. Çarəsiz qalan ölkə rəhbərliyi xalqın tələbləri əsasında və konstitusiyaya uyğun olaraq Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Qiyamın baş verdiyi Gəncəyə getdikdən sonra parlament sədri seçilən, bir qədər keçmiş ölkə prezidentinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyevin qarşısında daxili siyasət sahəsində xeyli ağır vəzifələrin həll edilməsi dayanırdı: ölkəni dağılmaqdan, xaricdən dəstəklənən separatçılıqdan xilas etmək; milli birliyi bərpa etmək; hakimiyyətin qanadları arasında yekdillik yaratmaq; xalq ilə hakimiyyət arasında uçurumu, inamsızlığı aradan qaldırmaq; iflic olmuş dövlət orqanlarını işlək hala gətirmək; dövlətin əlində olması gərəkərkən silahları ələ keçirərək ölkədə kriminogen şərait yaradan ayrı-ayrı cinayətkar dəstələri tərksilah, insanların sakit və təhlükəsiz yaşayışını təmin etmək; ağır sosial-iqtisadi vəziyyətdə yaşayan xalqı inkişafa aparmaq; güclü dövlət qurmaq üçün etibarlı açarı tapmaq; köhnə sosializm sisteminin qalıqlarından imtina edərək uğurlu islahatlar aparmaq və s.

Xarici siyasət sahəsində qarşıda dayanan başlıca vəzifələr dövləti dağılmaqdan qurtarmaq; Ermənistanın davam edən hərbi təcavüzünü dayandırmaq; ölkəni fəlakət həddinə gətirən, Azərbaycan xalqı və dövlətinə düşmənlər qazandıran təkqütblü xarici siyasət xəttindən imtina etmək; ölkə daxilində dövlət quruculuğu üçün əlverişli beynəlxalq şərait yaratmaq və s. idi. Yerləşdiyi coğrafi-siyasi mövqeyi, təbii sərvətləri ilə yüzilliklər boyu imperiya siyasəti yürütmüş böyük dövlətlərin sınaq meydanına, “qurdlar süfrəsi”nə çevrilmiş Azərbaycanda bütün bunları bir dövlət xadiminin həll etməsi xeyli mürəkkəb və çətin bir iş olsa da Heydər Əliyev Bakıya gələn kimi yeni liderlik keyfiyyətini ortaya qoydu, ölkənin problemlərinin həllində yalnız xalqa arxalandı. Separatçılıq xalqın iradəsi ilə, topsuz-tüfəngsiz dəfn edildi.

Ermənistanın hərbi təcavüzünün davam etməsi, Azərbaycan ərazilərinin bir-birinin ardınca işğal olunması ölkənin inkişafına mane olan başlıca amil idi. Heydər Əliyev ya sonu görünməyən və nəticəsi bilinməyən müharibəni davam etdirməli, ya da atəşkəsə nail olub fasilə qazanmalı, dövləti qurmalı, onu möhkəmləndirməli, torpaqları işğaldan azad etməkdən ötrü zəmin hazırlamalı idi. Horadiz əməliyyatı ilə düşmənə ağır zərbə vurduqdan sonra atəşkəs yolunu seçən Heydər Əliyev dövlət idarəetməsini iflic halına, xalqı mənəvi-psixoloji böhrana salan, maliyyə və iqtisadi ehtiyatlarını udan hərbi əməliyyatları dayandırdı. Bu, Azərbaycana bir sıra məsələləri həll etməyə imkan verdi, üstünlüklər qazandırdı, ən başlıcası, xarici sərmayənin gəlməsinə şərait yaratdı.

Ermənistan isə atəşkəsə getməklə işğalı “oldu-bitdi” kimi qələmə vermək, danışıqlar prosesini uzatmaq məqsədi güdürdü. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan Qələbə Heydər Əliyevin zamandan uca olduğunu, strategiyasının Ermənistan, dünya erməniliyi və onların havadarları üzərində qalibiyyətini göstərdi.

1994-cü il sentyabrın 20-də Heydər Əliyevin qəti iradəsi nəticəsində “Əsrin müqaviləsi”nin imzalanaraq həyata keçirilməyə başlaması ilə bir-birilə didişən, geosiyasi və geoiqtisadi maraqları uğrunda amansız mübarizə aparan dövlətlər ilk dəfə olaraq Azərbaycanda konsorsium yaratdılar. Ərazicə çox da böyük olmamasına, əhalisinin sayının az olmasına baxmayaraq, Azərbaycan özündən qat-qat böyük dövlətləri bir araya gətirdi, ayırıcı deyil, birləşdirici rol oynadı. Bu, Heydər Əliyevin təkcə Azərbaycan milləti və dövləti deyil, dünya siyasəti qarşısında nadir xidmətlərindən biri idi.

Heydər Əliyevin qətiyyəti özünü “Əsrin müqaviləsi” imzalandıqdan sonra baş verən dövlət çevrilişi və qiyam cəhdlərinin qarşısının alınmasında aydın şəkildə göstərdi. 1994-cü ilin oktyabrında dövlət çevrilişi, 1995-ci ilin martında isə dövlət əleyhinə qiyam cəhdləri məhz onun yenilməz iradəsi, qətiyyəti və siyasi bacarığı ilə iflasa uğradıldı. Millət qanuni hakimiyyəti müdafiə etdi. Qanunsuz hərəkətlərin qarşısının alınmasının ibrətamiz tarixi dərsləri oldu. Heydər Əliyev qəti şəkildə göstərdi ki, Azərbaycan çevrilişlər üçün sınaq meydanı deyildir, güclü dövlət vardır, silahlı yolla hakimiyyətə gəlmək yolverilməzdir. Bu, digər bir mühüm məsələnin həllinə kömək etdi. O zamana qədər sabitlik və sabaha ümidlər olmadığından Azərbaycana borc verməyən xarici ölkələr və donor təşkilatlarının mövqeyində dəyişiklik baş verdi, investisiya axını başladı. Neft strategiyası ölkənin inkişafı, güclü dövlət qurulması, millətin daha yaxşı yaşayışını təmin etmək üçün açar oldu. Azad bazar iqtisadiyyatına keçmək, demokratik inkişaf üçün islahatlar aparıldı, çoxpartiyalı sistemin əsasları möhkəmləndirildi. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu sahəsində tədbirlər həyata keçirildi. Ən başlıcası, Azərbaycanda təməlləri möhkəm olan, güclü dövlətçilik ənənəsinin və dərin dövlətin əsası qoyuldu.

Neft strategiyasını reallaşdıran Heydər Əliyev ölkənin təbii sərvətlərini milli sərvətə çevirdi. Təkcə iqtisadi deyil, böyük strateji əhəmiyyət daşıyan çoxşaxəli neft və qaz kəmərləri inşa edilməyə başlandı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri Azərbaycanın müstəqilliyi kəməri oldu, hər hansı bir dövlətdən asılılığa son qoyuldu. Azərbaycanın neft strategiyası Orta Asiyanın yeni müstəqil dövlətlərinin də dünyaya çıxışına kömək etdi. Heydər Əliyev neftin tranzitini qardaş Türkiyəyə verməklə onun da dünya siyasətində rolunu artırdı, mövqelərini möhkəmləndirdi. Bu gün Türkiyənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib yer tutması, G-20-nin cərgəsində olması, eyni zamanda, həmin siyasətin nəticəsidir. Hazırda davam edən Rusiya-Ukrayna müharibəsinin yaratdığı şərait baxımından da yanaşılarsa, təkcə şimal boru kəməri fəaliyyət göstərərdisə, Avropa ölkələrinin və Azərbaycanın indi hansı ağır vəziyyətə düşəcəyini təsəvvür etmək çətin deyildir. Bu fakt da Heydər Əliyevin zamanın fövqündə dayanan strateq olduğunu təsdiq edir. Tarixi İpək yolu bərpa edildi. Azərbaycan tranzit ölkəyə çevrildi. Heydər Əliyev Cənubi Qafqazın və Mərkəzi Asiyanın geosiyasətinin dəyişməsində, Türk dünyası qarşısında müstəsna rol oynayan dövlət və siyasi xadim oldu.

Heydər Əliyevin fəaliyyətindən alınan ibrət dərsləri çoxdur. Keçirilən yolun və fəaliyyətin tarixi təcrübəsi göstərir ki, Azərbaycan millətinin inkişafının təməlində sabitlik, güclü dövlət və qüdrətli dövlət rəhbəri amilləri dayanır. Hədəflərinə çatmaq istəyən millət daim dövlətinin yanında olmalı, onu qorumalı və milli-dövlət maraqlarını hər şeydən uca tutmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Telegraph”: ABŞ Mavrikidən Çaqos arxipelaqını almağı nəzərdən keçirir

Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj

Si Cinpinin Şimali Koreyaya səfəri başlayıb

Tramp: Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq

Filippin yaxınlığında güclü zəlzələ baş verib

Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün birgə uzaqmənzilli silah sistemləri istehsal edəcək

Florentino Peres yenidən “Real Madrid”in prezidenti seçilib

Hesabat: Nüvə dövlətləri arsenallarını modernləşdirməyə davam edir

Zelenskinin Londonda Avropa liderləri ilə görüşünün detalları açıqlanıb

“Tasnim”: İran İsraili “Xeybarşekan” ballistik raketləri ilə vurub

“Kan”: İsrail İranın raket hücumuna cavab vermək niyyətindədir

Türkiyədə yeni Konstitusiyanın hazırlanması istiqamətində addımlar sürətlənir

“Exit-poll”un nəticələrinə görə Nikol Paşinyanın partiyası səslərin 56,7 faizini qazanıb

“OPEC+” iyul ayı üçün neft hasilatının artırılmasını təsdiqləyib

Aralıq dənizində miqrant faciəsi: Ölənlər var

Tramp: Netanyahuya zəng edib, İrana cavab verməməsini istəyəcəyəm

İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

Tramp İrana müraciət edib: Masaya qayıdın və razılaşma əldə edin

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

İraq hava məkanını müvəqqəti bağlayıb

Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

İran yenidən İsrailə hava zərbələri endirib

İmişlidə 11-ci sinif şagirdi Araz çayında batıb

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı bölməsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış Proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb