Hicran Hüseynova: Ulu Öndər heç bir ailənin taleyinə biganə qalmırdı
Bakı, 6 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyev Azərbaycanın keçmişini yaşadan və gələcəyini yaradan dahi şəxsiyyətdir. O, qəbul etdiyi hər bir qərarında Azərbaycanın gələcəyi üçün çalışırdı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova mayın 6-da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda keçirilən konfransda çıxışı zamanı söyləyib.
Ümummilli Liderin ailə dəyərlərinə xüsusi önəm verdiyini deyən Hicran Hüseynova vurğulayıb ki, Heydər Əliyev heç bir ailənin taleyinə biganə qalmırdı. O, ailələrlə görüşür, qaçqın və məcburi köçkünlərin müxtəlif tədbirlərində iştirak edirdi. Həmçinin uşaqların sağlamlığı, Vətən və xalq üçün layiqli övlad kimi böyümələri Ulu Öndərin daim diqqətində idi.
Hicran Hüseynova qeyd edib ki, hələ sovet dövründə qadın hərəkatının inkişafına stimul verən Ulu Öndər onların təhsilinə, cəmiyyətdə fəallığının yüksəlməsinə diqqətlə yanaşırdı. Qadın hüquqlarının qorunması üçün normativ hüquqi aktlar məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə yaradılıb.