Hikmət Babaoğlu: BQXK-nın fəaliyyətinin mahiyyətində qaçaqmalçılıq dayanır
Bakı, 11 iyul, AZƏRTAC
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) fəaliyyəti dövründə humanitar hüququ, eyni zamanda, özünün nizamnamə tələblərini bu və ya digər formada daim pozub. Çünki BQXK bölgədə baş vermiş humanitar böhran zamanı məhz konkret olaraq humanitar fəaliyyətlə məşğul olmalıdır. Amma biz bu günlərdə BQXK-nın qaçaqmalçılıqla, missiyasına və nizamnaməsində nəzərdə tutulan funksiyasına zidd işlərlə məşğul olduğuna şahidlik edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.
Onun sözlərinə görə, ölkəmiz postmüharibə dövründə BQXK-ya Azərbaycandan keçməklə Qarabağda yaşayan ermənilərlə bağlı öz humanitar missiyasını həyata keçirməsi üçün imkan yaradılmasını dəfələrlə təklif edib. Ancaq onlar bundan imtina etdilər, İrəvandan gəlməyə çalışdılar. İndi bəlli olur ki, onların məqsədi nədir. Belə olan halda məlum olur ki, onların məqsədi heç də humanitar fəaliyyət deyil, qaçaqmalçılıqla məşğul olmaq, qanunları pozmaqdır. Hətta bir qədər daha dərinə getsək, Azərbaycan ərazisinə qeyri-qanuni şəkildə daxil olmaqla qanunsuz fəaliyyətlə məşğul olmaqdır. Çünki bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. BQXK da məhz Azərbaycanın yurisdiksiyasında olan torpaqlarda ölkəmizin ərazilərindən keçməklə fəaliyyət göstərməlidir. Bu təşkilatın sonuncu hərəkətləri bir daha göstərdi ki, onun fəaliyyətinin mahiyyətində qaçaqmalçılıq dayanır.
“Bütün bunlara görə Azərbaycan BQXK-nın Ermənistandan keçməklə ölkəmizə gəlməsinə qadağa qoymalıdır. Çünki bu təşkilatın Azərbaycanda da ofisi var. Təşkilat buradakı ofisindən də həmin fəaliyyəti həyata keçirə bilər. Əminəm, Azərbaycanın müvafiq qurumları bu məsələni mərkəzi ofisə çatdıracaq və haqlı olaraq tələb edəcəklər ki, BQXK öz nizamnaməsinə uyğun fəaliyyət göstərsin. Bu, konkret hərəkət olmalıdır və qısa müddətdə BQXK özünün fəaliyyətində düzəlişlər etməlidir”, - deyə o bildirib.
Laçın dəhlizinin bağlanmasına münasibət bildirən H.Babaoğlu qeyd edib ki, bu, erməni təxribatı nəticəsində baş verib. Buna baxmayaraq, Azərbaycan qadağaları çox yumşaq şəkildə təyin edib. Şübhəsiz ki, bu, Ermənistanın baş nazirinin iddialarından əl çəkdiyi, Azərbaycan əsgərlərinin, gömrük işçilərinin nəzarət-buraxılış məntəqəsində təhlükəsizliyinin tam təmin olunduğu vaxtadək davam edəcək. “Yolun əvvəlki hüquqi rejimdə fəaliyyəti Azərbaycandan daha çox Ermənistandan və onun daxilindəki hərbi-siyasi birləşmələrin fəaliyyətindən asılı olacaq”, - deyə o fikirlərini yekunlaşdırıb.