İĞDIR AZƏRBAYCAN EVİ DƏRNƏYİ 31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ BAĞLI BƏYANAT VERMİŞDİR
İğdır, 31 mart (AZƏRTAC). İğdır Azərbaycan Evi Dərnəyi 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı bəyanat vermişdir.
Dərnəyin mətbuat katibi Sərdar Ünsal ermənilərin törətdiyi soyqırımların heç vaxt unudulmayacağını bildirmişdir. O, 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar verilən bəyanatda ermənilərin tarix boyu törətdikləri cinayətlərə toxunaraq qeyd etmişdir ki, ermənilərin 1918-ci ildə Azərbaycanda həyata keçirdikləri qətliamın 92-ci ildönümü yüz minlərlə azərbaycanlının qətlə yetirilməsinin rəmzidir. Ermənilər Azərbaycanın şimalında və canubunda kütləvi qətliamlar həyata keçirmişlər. Silahlı erməni dəstələri 1918-ci ilin mart ayı ərzində Azərbaycanda misli görünməmiş vəhşiliklər törədərək Bakı, Şamaxı, Qarabağ, Gəncə, Quba, Xoy, Salmas, Təbrizdə və digər şəhərlərdə günahsız insanları qətlə yetirmişlər. Mart soyqırımı qurbanlarının sayı yüz minə çatmaqdadır.
S.Ünsal bildirmişdir ki, ermənilərin törətdikləri və bir ay davam etmiş qırğınlar Qafqaz İslam Ordusunun Azərbaycan torpaqlarını düşmən işğalından azad etməsi ilə sona çatmışdır. Ermənilərin azərbaycanlılara qarşı cinayətləri sovet dövründə də davam etdirilmiş, yüz minlərlə günahsız insan öz doğma torpaqlarından didərgin salınmışdır. Erməni zülmündən və qətliamlarından əziyyət çəkmiş bir ölkə olan Azərbaycanda ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra tarixi faciələrə siyasi qiymət verilmişdir. Ulu öndərin 1998-ci il 26 mart tarixli fərmanı ilə martın 31-i Azərbaycanlıların soyqırımı günü elan edilmişdir.