İğdırda 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb
Ankara, 21 yanvar, AZƏRTAC
Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən Azərbaycan Evi tərəfindən 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş anma mərasimi keçirilib.
Azərbaycan Evindən AZƏRTAC-a verilən məlumata görə, rəsmi şəxslər, ziyalılar və yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasim şəhidlərimizin xatirəsinə ehtiramla başlanıb.
Bir dəqiqəlik sükutdan sonra Azərbaycan və Türkiyənin Dövlət himləri səsləndirilib.
Azərbaycanın dövlət müstəqilliyinə aparan yolu əks etdirən film nümayiş olunub.
Azərbaycanın Qars şəhərindəki Baş konsulu Nuru Quliyev və İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin, eləcə də İğdır-Azərbaycan Evinin sədri Ziya Zakir Acar 20 Yanvar faciəsinin acılarından danışıblar. Vurğulanıb ki, qədirbilən Azərbaycan xalqı 20 Yanvar faciəsinin qəhrəmanlarını heç vaxt unutmur.
Sonra Ankara Qazi Universitetinin dosenti Oğuzhan Aydın 33 il əvvəl Azərbaycana qarşı törədilən dəhşətli hərbi cinayətin səbəb və məqsədlərindən bəhs edib.
Keçmiş SSRİ-nin süqutu illərində dünyada baş verən beynəlxalq səviyyəli ictimai-siyasi proseslərə nəzər yetirən alim diqqətə çatdırıb ki, 20 Yanvar faciəsinin törədilməsinin təməlində türk düşmənçiliyi dayanır. Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr XX əsrin əvvəlində olduğu kimi sovetlər birliyinin süqutu dövründə də erməni millətçilərindən vasitə kimi istifadə etdilər.
Mərasimdə İğdır Valiliyinin təmsilçisi Ömər Sait Karakaş, vilayətin polis rəisi Oğuzhan Yonca, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) vilayət təşkilatının sədri Ali Kamal Ayaz və digər rəsmi şəxslər iştirak ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara