İrandakı molla rejimi azərbaycanlılara qarşı ikili standartlarla hərəkət edir
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı İranın verdiyi bəyanat beynəlxalq hüquq normaları prizmasından yanaşıldıqda birmənalı olaraq ölkəmizin suverenliyinə, onun həyata keçirdiyi balanslı xarici siyasətə, beynəlxalq konvensiyalara ziddir. Yəni, Tehran dövlətinin növbəti təhdid edici bəyanatı bir ölkənin həyata keçirdiyi müstəqil siyasətə, daxili işlərinə qarışmama prinsipinə daban-dabana əks addımdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva söyləyib.
Azərbaycanın bütün dövlətlərə və öz ölkəsində yaşayan xalqlara, millətlərə qarşı dinindən, dilindən asılı olmayaraq, tolerant münasibət göstərdiyini deyən Jalə Əliyeva qeyd edib: “İran İslam Respublikası illərdən bəri bu torpaqların əzəli sakinləri olan azərbaycanlılara qarşı məhz milliyyətinə görə parçalama siyasəti yürüdüb, onların hüquqlarını pozub. Hətta İranda baş verən son zəlzələ əsnasında da molla rejimi azərbaycanlılara qarşı ikili standartlarla hərəkət etdi, onların köməyinə gəlmədi. Eyni zamanda, bu yaxınlarda ölkəmizdə ard-arda baş verən sui-qəsd hadisələri, təxribatlar da birmənalı olaraq İranın bəyanatlarında diqqətli olmasını zəruri edir. Baş verən hadisələrin hər birinin arxasında məlum rejimin addımlarının izi olduğu hər kəsə bəllidir. Azərbaycanın İsraildə və ya digər bir dövlətdə bütün beynəlxalq hüquq normalarına, qaydalarına uyğun şəkildə diplomatik missiya qurması ölkəmizin hüququdur. Bu hüququ heç kəs Azərbaycanın əlindən ala bilməz”.