CƏMİYYƏT
Karantin qaydalarını pozaraq qanunsuz ov edən Cəlilabad sakini saxlanılıb
Bakı, 28 iyul, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar olaraq, qurulmuş postlardan birində xidmət apararkən bir qədər aralıda, rayonun Hamarqışlaq kəndi ərazisində bir nəfər şəxsin avtomobilini yol kənarında saxlayaraq ov silahından atəş açdığını müəyyən ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları həmin şəxsin Cəlilabad şəhər sakini Valeh Babayev olduğunu və ərazidə qanunsuz ov etdiyini müəyyən ediblər.
Eyni zamanda, yaşayış yerini müvafiq icazə olmadan tərk etməklə karantin qaydalarını pozan həmin şəxsdən bir ədəd ov tüfəngi, qanunsuz olaraq ovladığı 18 ədəd çöl quşu aşkarlanıb.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.