KİTAB VƏ PLAKAT SƏRGİLƏRİ TARİXİMİZİN QANLI SƏHİFƏLƏRİNİ ƏKS ETDİRİR
Bakı, 31 mart ( AZƏRTAC). M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “31 Mart - Azərbaycanlıların soyqırımı günüdür” mövzusunda kitab və “Erməni terroru karikaturalarda” adlı plakat sərgiləri açılmışdır.
Mərasimdə kitabxananın direktoru Kərim Tahirov çıxış edərək, ermənilərin əsrlər boyu xalqımıza qarşı planlı surətdə həyata keçirdikləri məkrli siyasətdən, törətdikləri qırğınlardan danışmışdır.
K.Tahirov bildirmişdir ki, bu qanlı cinayətlərə siyasi-hüquqi qiymətin verilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Milli Məclisin deputatları Havva Məmmədova, Tahir Rzayev, Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədli və başqaları çıxışlarında əsrlər boyu ermənilərin Azərbaycan xalqının başına gətirdikləri müsibətlərdən, on minlərlə dinc əhalinin soyqırımı siyasətinin qurbanına çevrilməsindən, öz doğma ata-baba yurdundan deportasiya olunmasından, bu təcavüzkar siyasətin bu gün də davam etdirilməsindən danışmışlar.
Bildirilmişdir ki, erməni daşnakları Azərbaycan torpaqlarında zaman-zaman törətdikləri cinayətləri ört-basdır etmək üçün əvvəlcədən ideoloji zəmin yaratmış, özlərini dünya ictimaiyyətinə “məzlum millət” kimi göstərmişlər.
Tədbirdə erməni millətçilərinin Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan və digər bölgələrdə törətdikləri qırğınlar barədə geniş məlumat verilmişdir.
31 mart soyqırımının xalqımızın yaddaşında silinməz izlər buraxdığını söylərən çıxışçılar, Azərbaycan tarixinin qanlı səhifələrinin və erməni daşnakları tərəfindən millətimizin başına gətirilən müsibətlərin gələcək nəsillərə olduğu kimi çatdırılmasının vacibliyini vurğulamışlar.
Sonra tədbir iştirakçıları 31 mart soyqırımına həsr olunmuş 200-dən artıq kitab, jurnal, qəzet və 40-dan çox plakatın nümayiş olunduğu sərgilərlə tanış olmuşlar.