Kitabxana əməkdaşları Müslüm Maqomayevin 80 illiyi münasibətilə silsilə materiallar hazırlayıb
Bakı, 17 avqust, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Müslüm Maqomayevin yubileyi münasibətilə “Dünyaşöhrətli, yaşayan və yaradan Müslüm Maqomayev” adlı videoçarx və “Müslüm Maqomayev-80” adlı virtual sərgi hazırlanıb.
AZƏRTAC xəbər verir ki, kitabxana əməkdaşları tərəfindən hazırlanmış videoçarxda ulu öndər Heydər Əliyevin Müslüm Maqomayev haqqında fikirləri, dünyaşöhrətli sənətkarın həyatı və yaradıcılığı haqqında geniş və maraqlı məlumatlar, onun Azərbaycanda və dünya ölkələrində qazandığı uğurlar, çəkildiyi filmlər və bəstələdiyi mahnılarla hər zaman sevənlərin qəlbində diqqətəlayiq yer tutduğu öz əksini tapıb.
“Müslüm Maqomayev-80” adlı virtual sərgidə Müslüm Maqomayevin filmoqrafiyası, mükafatları, sənətkar haqqında kitablar və dövri mətbuatda çıxan məqalələr təqdim edilib.
Hazırlanan materiallar kitabxananın saytında yerləşdirilib.