HEYDƏR ƏLİYEV - 100
Kuba radiosunda Ulu Öndərin həyat və yaradıcılığından danışılıb
Bakı, 6 may, AZƏRTAC
Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayevin Kubanın geniş dinləyici kütləsinə malik “Habana Radio” radiosunun “Yaşadığımız dünya” proqramında “Heydər Əliyev İli” ilə bağlı müsahibəsi yayımlanıb.
Ölkəmizin Kubadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, müsahibənin mətni, həmçinin “Trabajadores” qəzetinin onlayn versiyasında dərc edilib.
Səfir kubalı jurnalist Arsenio Rodriqezə müsahibəsində mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin olduğunu və Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu vurğulayıb.
R.Rzayev müsahibəsində Ulu Öndər Heydər Əliyevin istər Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etdiyi zaman, istərsə də müstəqil Azərbaycanın Prezidenti olduğu müddətdə ölkəmizin bütün sahələrdə daha da güclənməsi və müstəqilliyimizin möhkəmləndirilməsi, eləcə də ölkəmizi iqtisadi tənəzzüldən və xarici təhdidlərdən qorumaq üçün gördüyü əvəzsiz xidmətlərindən söz açıb. Diplomat müasir Azərbaycan tarixinin Heydər Əliyevin adı ilə bağlı olduğunu və məhz onun hakimiyyətə gəlişindən sonra ölkəmizin siyasi-iqtisadi həyatında nəzərəçarpacaq inkişafın müşahidə edildiyini diqqətə çatdırıb. Eyni zamanda, Ulu Öndərin Azərbaycanın dövlətçilik tarixində, həmçinin Azərbaycanın əsas sərvəti olan neft və qazın dünya bazarlarına çıxarılması və bu sahəyə xarici sərmayələrin cəlb olunması məqsədilə “Əsrin müqaviləsi” kimi əhəmiyyətli sənədin imzalanmasında müstəsna rolu vurğulanıb.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun hazırda Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb.
Müsahibə zamanı səfir “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanda və xaricdə keçirilən anım tədbirlərinə, o cümlədən Azərbaycan-Kuba münasibətlərinə toxunub.