Kuş Çoksi: Dünən Bakıda çox məhsuldar bir gün keçirdik VİDEO
Bakı, 10 fevral, AZƏRTAC
Biz məmnunuq ki, Azərbaycana səfər zamanı 31-dən çox şirkəti və 60 nəfərlik, bütün sektorları təmsil edən çox geniş tərkibli nümayəndə heyəti təşkil edə bildik. Dünən Bakıda çox məhsuldar bir gün keçirdik. Bu gün də eyni dərəcədə səmərəli görüşlər gözləyirik.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda jurnalistlərin suallarını cavablandıran ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi bildirib.
O, daha sonra deyib: “ABŞ Ticarət Palatası dünyanın ən böyük biznes assosiasiyasıdır və biz qlobal miqyasda fəaliyyət göstəririk. Hazırda Cənubi Qafqaz və Mərkəzi Asiya Amerikada yerləşən şirkətlər üçün əhəmiyyəti artan regionlardır”.
K.Çoksi dünən nümayəndə heyətinin Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olduğunu xatırladıb. O, həmçinin ayrı-ayrı nazirliklərdə və şirkətlərdə görüşlər keçirdiklərini bildirib.
“Bizim nümayəndə heyətimizdə bir çox sahələrdən şirkətlər təmsil olunur. Bunlara texnologiya sektoru, maliyyə sektoru və digər sahələr daxildir. Hazırda gündəliyimizdə rəqəmsallaşma sahəsi ilə bağlı çoxlu suallar var. Eyni zamanda, çoxlu infrastruktur şirkətləri iştirak edir”, - deyə o əlavə edib.