Laşa Darsaliya: “Gürcüstan ərazisindən Azərbaycana silah daşınması barədə məlumatlar yalan və dezinformasiyadır
Tbilisi, 4 oktyabr, AZƏRTAC
Gürcüstan ərazisindən keçməklə Azərbaycana silah daşınması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar yalan və dezinformasiyadır.
AZƏRTAC xəbər verir ki, bu bəyanatla Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliya çıxış edib.
Onun sözlərinə görə, Gürcüstan öz ərazisindən hərbi yüklərin daşınmasını qadağan edib.
“Gürcüstan tərəfi hərbi yüklərin daşınması ilə bağlı mövqeyini bəyan edib və bu qərar Təhlükəsizlik Şurasının iclasında bir daha səsləndirilib. Bildirilib ki, Gürcüstan öz ərazisindən hərbi yüklərin daşınmasını qadağan edib. Amma bu qərar mülki və humanitar yüklərin daşınmasına şamil edilmir”, - deyə L.Darsaliya bildirib.
Gürcüstan ictimaiyyətinə, xüsusən də ermənilərə müraciət edən Laşa Darsaliya deyib: “Erməni tərəfini bu cür dezinformasiyalara inanmamağa dəvət edirəm. Gürcüstan bütün beynəlxalq öhdəliklərə əməl edir. İstəyirəm yalnız rəsmi və etibarlı xəbərlərə istinad edəsiniz”.
Qeyd edək ki, son günlər bəzi sosial şəbəkələrdə, xüsusən də ermənilərə məxsus saytlarda guya Gürcüstan ərazisindən keçməklə Türkiyədən Azərbaycana silah daşınması barədə yalan və qızışdırıcı xəbərlər yayılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi