LATVİYA VƏ ESTONİYA PAYTAXTLARINDA XOCALI SOYQIRIMI İLƏ BAĞLI AKSİYA KEÇİRİLMİŞDİR
Bakı, 1 mart (AZƏRTAC). “İrəli” İctimai Birliyi Xocalı soyqırımı ilə əlaqədar Avropanın müxtəlif ölkələrində aksiyalar keçirmişdir.
“İrəli” İctimai Birliyinin mətbuat xidmətindən bildirmişlər ki, Latviyanın paytaxtı Riqadan başlanan Estoniyanın paytaxtı Tallinndə başa çatan “Avtobus turu aksiyası” adlı etiraz tədbiri belə aksiyalardan olmuşdur.
Birliyin Riqadakı təmsilçiliyi tərəfindən təşkil edilən aksiyaya Latviyada yaşayan və təhsil alan latış, italyan, türk, alman, tacik və digər millətləri təmsil edən gənclər qoşulmuşlar.
Aksiya üçün nəzərdə tutulmuş avtobusun üzərinə əvvəlcədən Xocalı soyqırımı həqiqətləri ilə bağlı şüarların əks olunduğu posterlər və stikerlər yapışdırılmışdır. Riqadan Tallinnə doğru hərəkət edən avtobus yol boyu müxtəlif şəhərlərdə dayanmış, gənclər yerli əhaliyə mövzu ilə bağlı məlumat vermişlər.
İştirakçılar Tallinnə çatdıqları zaman burada onları digər bir gənclər qrupu qarşılamış və aksiyaya qoşulmuşdur. Mərkəzdə etiraz tədbirini başa vurduqdan sonra gənclər şəhərdaxili yürüş etmiş və Tallindəki Ermənistan Milli Cəmiyyətinin qarşısında piket keçirmişlər. Bundan sonra Estoniya Parlamentinin qarşısında qısa yürüş keçirilmişdir.
İştirakçılar üçün əvvəlcədən “İrəli” İctimai Birliyi tərəfindən xüsusi köynəklər və aksiyada istifadə ediləcək şüarları əks etdirən posterlər hazırlanmışdır. Tədbirdə istifadə olunmuş kitablar və broşürlər Heydər Əliyev Fondu tərəfindən təqdim edilmişdir.
######
