Lənkəran Regional Elmi Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçiriləcək
Bakı, 11 aprel, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində ilboyu silsilə yubiley tədbirlərinin keçirilməsi planlaşdırılır.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tərtib olunmuş iş planına əsasən “Heydər Əliyev və Lənkəran”, “Heydər Əliyev və Azərbaycanda çayçılıq”, “Dövlətçiliyin qorunmasında Heydər Əliyevin rolu”, “Azərbaycançılıq ideologiyası və multikultural dəyərlərin inkişaf etdirilməsində Heydər Əliyevin rolu” mövzusunda seminar, dəyirmi masa və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Bununla yanaşı, Ulu Öndərin cənub bölgəsinə səfərlərini, rayon ictimaiyyəti, tərəvəzçilər, çaybecərənlərlə görüşlərini əks etdirən tarixi şəkillərdən ibarət fotostend hazırlanıb. Bu yaxınlarda “Ümummilli Lider Heydər Əliyev müstəqillik dövrü Azərbaycan ədəbiyyatının memarı kimi” mövzusunda dəyirmi masa keçiriləcək.