MƏHKƏMƏ FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR GÖRÜLÜR
Ədliyyə Nazirliyi tərəfindən Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində birgə işçi qrupu yaradılmışdır və hazırlanmış xüsusi Fəaliyyət Planına əsasən tədbirlər həyata keçirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Fəaliyyət Planına uyğun olaraq hakim vəzifələrinə namizədlərin peşə vərdişlərinə yiyələnmələri üçün onlarla xüsusi proqram üzrə ilkin hazırlıq kursları keçirilməsi, mühazirələrə təcrübəli, habelə nüfuzlu beynəlxalq mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulmuş, bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən Avropa Şurası ilə Tədris üzrə Birgə Ekspert Komissiyası yaradılmış və onun tərkibinə tanınmış beynəlxalq ekspertlər, ədliyyə və prokurorluq işçiləri daxil edilmişlər.
Bu günlərdə Bakı şəhərində komissiyanın ilk iclası keçirilmişdir. İclasda Avropa Şurasının ekspertləri hakimlər və prokurorlar üçün ilkin və davamlı tədris proqramlarının hazırlanması, tədris üzrə fəaliyyətin təkmilləşdirilməsi imkanları ilə bağlı qabaqcıl beynəlxalq təcrübə barədə məlumat vermiş, Azərbaycanın ədliyyə və prokurorluq işçilərinin çıxışları dinlənilmişdir. Qonaqlar tədbir çərçivəsində bir sıra rayon, şəhər və ixtisaslaşmış məhkəmələrə baş çəkmiş, hakim assosiasiyalarında olmuş, fəaliyyətin təkmilləşdirilməsi üzrə tədbirlər və mövcud problemlərlə maraqlanmışlar. Keçirilmiş görüşlərin nəticələri nəzərə alınmaqla ətraflı müzakirələr və səmərəli fikir mübadiləsi aparılmış, bu sahədə ölkəmizdə hazırlanan tədbirlər təqdirəlayiq hesab edilmişdir.
Komissiyanın iclasında ədliyyə nazirinin müavini Toğrul Musayev və baş prokurorun müavini Eldar Nuriyev iştirak etmişlər.
Hazırda hakim vəzifələrinə namizədlərin peşə hazırlığının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər davam etdirilir.