Məktəbli idmançılarımız Avropa çempionatında yüksək nəticə göstəriblər
Bakı, 2 iyul, AZƏRTAC
Almaniyanın Dortmund şəhərində gənclərin sərbəst güləş üzrə keçirilən Avropa çempionatında milli yığma komandanın tərkibində Təhsil Nazirliyinin tabeliyindəki uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri uğurla çıxış ediblər.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Turan Bayramov və Abşeron rayon uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Kənan Heybətov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Abşeron rayon uşaq-gənclər idman-şahmat məktəbinin digər yetirməsi Aydın Əhmədov isə Avropa çempionatının gümüş medalına layiq görülüb.