“Məktəblinin dostu” tərəfindən yay məktəbi keçirilir
Bakı, 12 iyul, AZƏRTAC
“Məktəblinin dostu”nun təşkilatçılığı ilə layihənin tətbiq olunduğu paytaxtdakı ümumi təhsil müəssisələrində yay məktəbi keçirilir.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, yay məktəbinin məqsədi şagirdlərə əyləncəli və öyrədici proqramlar təşkil etməklə zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsinə, asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaqdan ibarətdir. Proqrama əsasən, burada şagirdlər üçün təlim, seminar və informativ sessiyalar, eyni zamanda, müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil olunur.
“Məktəblinin dostu” layihəsinin əməkdaşları “Yol hərəkəti qaydaları”, “İlkin tibbi yardım”, “Fövqəladə hallarda davranış qaydaları”, “Sosial şəbəkələrdən faydalı istifadə”, “İnternet təhlükəsizliyi”, “Düzgün danışıq və nitq bacarıqlarının həyatımızda rolu”, “Təbiəti qoruyaq”, “Heyvanlara qayğı”, “Təlimçi məktəbli” kimi mövzuları əhatə edən maarifləndirici təlimlər həyata keçirirlər.
Qeyd edək ki, layihənin əhatə etdiyi ümumi təhsil müəssisələrinin şagirdləri “Yay məktəbi”nə dərs ili ərzindəki müraciətləri əsasında könüllü şəkildə qatılıblar.
İki aylıq müddəti əhatə edən yay məktəbinə iyul ayı ərzində V və VI, avqust ayında isə VII və VIII sinif şagirdlərinin cəlb olunması nəzərdə tutulub.