Misir mətbuatında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən bəhs edilib
Qahirə, 27 sentyabr, AZƏRTAC
Misirin nüfuzlu “egyptnewnews” qəzeti Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşı Emil Rəhimovun müəllifi olduğu “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” sərlövhəli kitabı ilə əlaqədar müsahibəsini dərc edib.
AZƏRTAC xəbər verir ki, E.Rəhimov müsahibədə kitabın mahiyyətindən və tariximizin ən taleyüklü səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və xalqımızın müstəqillik yolunda qarşılaşdığı çətinlikləri dəf edərək bu gün inkişaf etmiş ölkələr sırasında layiqli yerini tutması barədə söhbət açıb. Müəllif bu proseslərdə müstəsna rol oynamış görkəmli şəxsiyyətlərin fəaliyyətindən, Azərbaycan diplomatiyasının uğurlarından, habelə AXC-nin mənəvi varisi sayılan müasir müstəqil Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin böyük xidmətlərindən, ölkəmizin davamlı inkişafında, beynəlxalq aləmdə tanıdılmasında mühüm rol oynayan və Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin uzaqgörən fəaliyyətindən danışıb.
Kitabda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, beynəlxalq təşkilatlar tərəfindən Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul olunmuş qətnamələrə, qərarlara toxunduğunu deyən müəllif Azərbaycan dövlətinin qazandığı uğurları, hazırkı inkişaf tempini qoruması üçün atdığı addımları, inkişaf etmiş ölkələr sırasına daxil olması üçün görülən işləri oxucuların diqqətinə çatdırıb.
Ərəb dilində işıq üzü görən kitab böyük marağa səbəb olub.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə