Monteneqroda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib






Podqoritsa, 14 may, AZƏRTAC
Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin, bu ölkənin Şahmat Federasiyasının və “Prosvjeta” (“Təhsil”) şahmat klubunun təşkilatçılığı, “Azmont Investments” şirkətinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Herseq Novi şəhərində “Heydər Əliyev kuboku” uğrunda altıncı ənənəvi şahmat turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, “Portonovi Resort”un əməliyyatlar üzrə direktoru Seyran Mirzəzadə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsində tarixi xidmətləri barədə iştirakçılara məlumat verib. Eyni zamanda, Ümummilli Liderin Azərbaycanda şahmatın ən böyük dəstəkçisi olduğu bildirilib. Turnirin görkəmli dövlət xadiminin əziz xatirəsinə ehtiram əlaməti olaraq keçirildiyi vurğulanıb.
Turnirə tanınmış qrosmeysterlər, beynəlxalq və FIDE ustaları qatılıblar. “Heydər Əliyev kuboku” üzrə birinci yeri qrosmeyster Nikita Petrov qazanıb.
Ənənəvi turnirə ildən-ilə maraq artığından növbəti illərdə də keçirilməsi və daha da genişləndirilməsi qərara alınıb.
Podqoritsa