MOSKVADA “AVROPA BİRLİYİ VƏ MDB – QARŞILIQLI FƏALİYYƏT PERSPEKTİVLƏRİ” MÖVZUSUNDA FORUM KEÇİRİLMİŞDİR
Forumda “MDB ölkələrinin Avropa Birliyinə münasibətdə siyasi və iqtisadi strategiyası”, “Avropa və MDB – iqtisadi və siyasi əməkdaşlığın yeni cəhətləri”, “MDB-nin və Avropa Birliyinin qarşılıqlı fəaliyyətində Rusiyanın rolu”, habelə “MDB və Avropa Birliyinin səmərəli qarşılıqlı fəaliyyətinə mane olan əsas amillər” mövzuları müzakirə olunmuşdur.
Keçmiş sovet məkanı dövlətlərinin Avropa strukturlarına inteqrasiyası, onların qarşılıqlı fəaliyyəti, MDB ölkələrinin Avropa Birliyinə iqtisadi, siyasi, sosial inteqrasiyası, Rusiya-AB qarşılıqlı fəaliyyətinin perspektivləri məsələləri geniş müzakirə edilmişdir. MDB ölkələrinin Avropa Birliyinə daxil olmasının mümkünlüyü və müddəti məsələsi də nəzərdən keçirilmişdir.
Çox kəskin keçən müzakirələrdə MDB-nin inkişaf perspektivlərinə dair xeyli maraqlı fikirlər səslənmişdir. Forumda belə bir ümid ifadə olunmuşdur ki, MDB-nin Avropa Birliyinin bərabərhüquqlu tərəfdaşlığı inkişaf etdirə biləcəyi beynəlxalq struktur kimi formalaşdırılması ilə bağlı müsbət proseslər həyata keçirilməyə başlanacaqdır.
“Beynəlxalq dialoq” Açıq Klubunun icraçı direktoru Qriqori Amnuel çıxışında bildirmişdir ki, bir çox mövqelərə görə Azərbaycanın Avropa Birliyinə daxil olmaq imkanı digər MDB ölkələrinə nisbətən daha böyükdür.