Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO
Bakı, 15 oktyabr, AZƏRTAC
Müasir dövrdə rəqəmsal texnologiyalar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Xüsusilə məktəblilərin smartfonlara və sosial şəbəkələrə marağının artması təlim prosesində ənənəvi oxu vərdişləri ilə rəqəmsal imkanlar arasında düzgün tarazlığın yaradılmasını zəruri edir. Kitab oxumaq şagirdlərin oxuyub-anlama bacarıqlarının, təfəkkürünün və təhliletmə qabiliyyətinin inkişafında mühüm rol oynasa da, yeni texnologiyalardan tamamilə uzaq qalmaq da müasir təhsilin tələbləri ilə uzlaşmır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində 276 nömrəli məktəbin ibtidai sinif müəllimi Könül Qurbanova deyib.
Müəllim bildirib ki, əsas məqsəd uşaqları rəqəmsal vasitələrdən uzaqlaşdırmaq deyil, onlara həmin imkanlardan məqsədyönlü, səmərəli və təhlükəsiz istifadə etməyi öyrətməkdir. Texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə şagirdlərin həm mütaliə vərdişlərini qorumaq, həm də rəqəmsal bacarıqlarını inkişaf etdirmək vacibdir.
“Bu gün cəmiyyətimizdə rəqəmsal bacarıqlar xeyli inkişaf edib. Şagirdlərin də smartfonlara marağı əvvəlki dövrlərlə müqayisədə daha çoxdur. Müəllim olaraq biz kitaba, mütaliəyə üstünlük veririk. Çünki kitab oxumaq uşağın mətnin məzmununu daha dərindən qavramasına, hadisələr arasında əlaqə qurmasına, fikirlərini təhlil etməsinə və nəticə çıxarmasına kömək edir. Oxu prosesi şagirdin yalnız söz ehtiyatını artırmır, eyni zamanda onun təfəkkürünü, təxəyyülünü və fikirlərini ardıcıl ifadə etmək bacarığını da inkişaf etdirir. Bununla belə, yeni texnologiyalara mənfi yanaşmaq düzgün deyil. Düşünürəm ki, uşağı telefondan və rəqəmsal mühitdən tamamilə kənarda saxlamaq olmaz. Çünki biz müasir cəmiyyətin tələblərinə uyğun düşünən, araşdıran, öyrənən və özünü inkişaf etdirən fərdlər yetişdiririk. Bu baxımdan şagirdlər texnologiyalardan istifadə etməyi, rəqəmsal resurslar vasitəsilə məlumat əldə etməyi və həmin məlumatları düzgün qiymətləndirməyi bacarmalıdırlar.
Telefon və digər rəqəmsal vasitələr uşaqlar üçün yalnız əyləncə mənbəyi olmamalıdır. Onlardan yeni biliklər qazanmaq, müxtəlif mövzular haqqında araşdırma aparmaq, xarici dilləri öyrənmək və dünyada baş verən yeniliklərlə tanış olmaq üçün də istifadə etmək mümkündür. İnternet şagirdlərin dünyagörüşünün genişlənməsinə, fərqli ölkələr, xalqlar və mədəniyyətlər haqqında məlumat əldə etməsinə imkan yaradır. Əsas məsələ bu imkanlardan hansı məqsədlə və necə istifadə edilməsidir. Digər tərəfdən, rəqəmsal vasitələrdən həddindən artıq istifadə uşaqların mütaliəyə marağına, diqqətini cəmləməsinə və dərs prosesinə münasibətinə təsir göstərə bilər. Uşaqlara telefondan istifadə ilə bağlı düzgün vərdişlər aşılanmalı, onların ekran qarşısında keçirdikləri vaxta nəzarət edilməli, eyni zamanda kitab oxumağa və müstəqil öyrənməyə maraqları artırılmalıdır. Müəllim olaraq məqsədimiz yalnız dərs proqramını mənimsəyən şagird yetişdirmək deyil. Biz həm də müstəqil düşünən, düzgün qərar verən, məlumatı təhlil edən, müasir dünyanın imkanlarından yararlanan və cəmiyyətdə öz yerini tapa bilən şəxsiyyət formalaşdırmağa çalışırıq. Bunun üçün uşaqlara texnologiyalardan istifadə etməyi öyrətməklə yanaşı, kitabın və mütaliənin dəyərini də aşılamaq lazımdır”, - deyə Könül Qurbanova fikrini yekunlaşdırıb.