MUĞANDA SOYQIRIMI QURBANLARI YAD EDİLMİŞDİR
Şirvan, 31 mart (AZƏRTAC). Muğan bölgəsində 31 Mart soyqırımı qurbanlarının xatirəsi dərin hüznlə yad edilmişdir.
Şirvan. YAP şəhər təşkilatının qərargahında keçirilmiş tədbirdə şəhər İcra hakimiyyətinin başçısı Mərdan Camalov xalqımıza qarşı zaman-zaman törədilmiş soyqırım və deportasiyalar haqda ətraflı məlumat vermiş, ermənilər tərəfində yeridilən soyqırım siyasətinin mahiyyətini açıqlamışdır.
"31 Mart - Qan yaddaşımız" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Saatlı. Rayon icra hakimiyyətində "31 Mart - Millətimizin qan yaddaşı" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov 1918-ci ilin qanlı mart hadisələrinin xronologiyasını, ermənilərin törətdiyi qətliamların mahiyyətini, çətin sınaq günlərində qan qardaşlarının köməyinə çatan türk ordu birləşmələrinin misilsiz qəhrəmanlığını faktların dili ilə açıqlamışdır.
Rayon icra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Reyhan Ocaqova çıxışında erməni vandallarının vəhşiliyini təkcə azərbaycanlılara və türklərə qarşı deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş barbarlıq aktı kimi qiymətləndirmişdir.
YAP rayon təşkilatının sədri Lütfəli Şıxəliyev tarixin təkrar olunduğunu xatırlatmış, azərbaycanlılar üçün dostu düşməndən birdəfəlik seçməyin məqamı çatdığını vurğulamış, öklə başçısı ətrafında daha sıx birləşməklə işğal altında qalan əzəli torpaqlarımızı düşməndən azad etməyə hər an hazır olmağa çağırmışdır.
Salyan. Rayon ictimaiyyətinin nümayəndələri azərbaycanlıların soyqırımı abidəsini və 1918-ci ilin qanlı mart günlərrində erməni-bolşevik qoşun birləşmələrinə qarşı döyüşlərdə həyatını qurban vermiş 2 igid türk əsgərinin Salyan şəhər qəbristanlığındakı məzarını ziyarət etmişlər.
Tədbir iştirakçıları qətiyyətlə bəyan etmişlər ki, gec-tez bütün dünyada müdrik zəka qələbə çalaraq, qatilin adı qatil kimi çəkiləcək, soyqırım törədənlərin vəhşiliyi həqiqi qiymətini alacaqdır.
Sabirabad. Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə dərin ehtiram əlaməti olaraq ucaldılmış "Kədərli ana" abidəsi önünə tər gül-çiçək dəstələri qoymuş, qətliam qurbanlarının ruhuna Allahdan rəhmət diləmişlər.
Tədbir rayon mədəniyyət evində davam etdirilmişdir. Mərasim iştirakçıları soyqırım qurbanlarının şərəfinə yaradılmış guşədəki sənədlərə baxmış, mart qırğınlarını əks etdirən materiallarla tanış olmuşlar.
Rayon mədəniyyət evinin incəsənət ustaları soyqırım qurbanlarının xatirəsinə hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
Biləsuvar, Neftçala, İmişli və Hacıqabul rayonlarında da soyqırım qurbanlarının xatirəsi dərin ehtiramla anılmış, erməni vəhşiliyi barədə əsil həqiqətlərdən hiddət və qəzəblə danışılmışdır.