Naxçıvanda yaşıllaşdırma tədbirləri davam etdirilir
Naxçıvan, 20 dekabr, AZƏRTAC
Yaşıllıq sahələrinin genişləndirilməsi indiki və gələcək nəsillərin sağlamlıqlarının qorunmasına, təbiətin zənginləşdirilməsinə xidmət edir. Təbiətin qorunmasını və zənginləşdirilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Ekoloji tədbirlərin gücləndirilməsi insanların sağlamlığı üçün başlıca şərtdir”.
Ekologiyanın qorunmasında muxtar respublikada keçirilən iməciliklərin mühüm rolu vardır. Bu günlərdə muxtar respublikada havaların xoş keçməsi iməciliklərin davam etdirilməsinə, yeni yaşıllıq sahələrinin salınmasına imkan verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 20-də muxtar respublikada növbəti iməcilik keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba Dövlət Meşəsində keçirilən iməcilikdə iştirak ediblər.
İməcilik iştirakçıları 1,5 hektar sahədə meşə-bərpa işləri aparıb, 1000-dən artıq müxtəlif meyvə tingləri əkiblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, bundan sonra da Uzunoba Dövlət Meşəsində meşə-bərpa işlərinin davam etdirilməsi barədə tapşırıqlar verib.