NİDERLANDDA 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMINA HƏSR OLUNMUŞ ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Haaqa, 31 mart (AZƏRTAC). Martın 30-da Haaqa şəhərində 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Tədbir “Xocalıya ədalət” beynəlxalq kampaniyasının Niderland Komitəsi, “Azərbaycanın Holland Dostları” Cəmiyyəti, Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyi, Benilüks Azərbaycanlıların Konqresi, “Ana Vətən” və Niderland-Azərbaycan Mədəniyyət Mərkəzi diaspor təşkilatları tərəfindən təşkil olunmuşdur.
Azərbaycanın Niderland Krallığındakı səfirliyindən bildirmişlər ki, anma mərasimində bu ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, Niderlandın dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının və elmi-tədqiqat mərkəzlərinin təmsilçiləri və soydaşlarımız iştirak etmişlər.
“Xocalıya ədalət” beynəlxalq kampaniyası Niderland Komitəsinin sədri, Niderland Kraliçasının “Fəxri cəngavər”i statusuna malik olan Qert van Dam mərasimi açaraq, soyqırımı zamanı həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını təklif etmişdir.
Soyqırımı qurbanlarının xatirəsi yad edildikdən sonra Qert van Dam qətliam haqqında ətraflı məlumat vermişdir. O, holland ictimaiyyətini sülhsevər və digər millətlərə daim xoş münasibət bəsləyən Azərbaycan xalqının XX əsrdə məruz qaldığı faciələrə daha həssas yanaşmağa çağırmışdır.
“Azərbaycanın Holland Dostları” Cəmiyyətinin icraçı direktoru Marion van der Veht bildirmişdir ki, dəhşətli hadisələrə baxmayaraq Azərbaycan xalqı dünya ictimaiyyətinə daim öz tolerantlığını və sülhsevərliyini nümayiş etdirir. Bu, Niderland xalqı tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycanın bu ölkədəki səfiri Fuad İsgəndərov ümummilli lider Heydər Əliyevin azərbaycanlıların soyqırımı gününün qeyd olunması ilə bağlı Fərmanının tarixi əhəmiyyətini xüsusi vurğulamışdır. Səfir azərbaycanlılara qarşı törədilmiş cinayətlər haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırmaq üçün səylərin artırılmasının vacibliyini qeyd etmişdir.
“Xocalıya ədalət” beynəlxalq kampaniyası Niderland Komitəsinin əlaqələndiricisi Gülşən Kazımova tədbir iştirakçılarına tarixi hadisələr haqqında məlumat vermiş, diaspor təşkilatlarını erməni təxribatlarına qarşı birgə fəaliyyət göstərməyə çağırmışdır. Niderlandda fəaliyyət göstərən soydaşımız, cərrah Kərim Göyçaylı soyqırımı qurbanlarının qəbirlərinin aşkarlanmasında və ekspertizasında şəxsən iştirak etdiyini bildirmişdir.
Sonra Reysveyk şəhərinin “Antifaşist xoru”nun ifasında faciə qurbanlarının xatirəsinə həsr olunmuş soyqırımı, etnik təmizləmə, irqçilik, milli və dini diskriminasiya, terrorçuluq əleyhinə bəslənmiş holland mahnıları səsləndirilmişdir. Sinələrində Azərbaycan bayrağını tərənnüm edən lentləri yerləşdirmiş holland ifaçılar soyqırıma məruz qalmış Azərbaycan xalqına öz mənəvi dəstəklərini nümayiş etdirmişlər.
Tədbir iştirakçıları salonun foyesində soyqırımına həsr olunmuş fotosərgi və uşaq rəsm əsərləri ilə tanış olmuşlar.
Sonda şəhidlərin xatirəsinə ehsan verilmişdir.
######
