Noyabrın 11-də 111 min 111 ağac əkiləcək
Bakı, 5 noyabr, AZƏRTAC
“Gələcəyə nəfəs!” şüarı altında hər il noyabrın 11-də Türkiyədə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasının ölkəmizdə də keçirilməsi ənənəyə çevrilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a bildirib ki, qardaş Türkiyədə hər il 11-ci ayın 11-ci günündə keçirilən həmin təşəbbüsə ölkəmiz növbəti dəfə də böyük ruh yüksəkliyi ilə qoşulacaq: “Bu il də Türkiyənin bu təşəbbüsünü dəstəkləyərək bütün ölkə ərazisində 111 min 111 ağac əkməklə həmin nəcib aksiyaya töhfə verəcəyik”.
Şöbə müdiri qeyd edib ki, Azərbaycan 2020-ci ildən başlayaraq Türkiyənin “Gələcəyə nəfəs” ağacəkmə təşəbbüsünə qoşulub və ölkənin bütün bölgələrində kütləvi ağacəkmə aksiyaları keçirib: “Bu cür irimiqyaslı aksiyaların keçirilməsi yaşıllıqların genişləndirilməsi ilə yanaşı, iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün ölkəmizin qoşulduğu təşəbbüslərə dəstəkdir”.