İQTİSADİYYAT
Ötən ay ölkədə elektrik enerjisi istehsalı artıb
Bakı, 21 fevral, AZƏRTAC
Cari ilin yanvar ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2 milyard 556,6 milyon kVt/saat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 188,2 milyon kVt/saat, yaxud 7,9 faiz artması deməkdir.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə ötən ilin yanvar ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 190,3 milyon kVt/saat artaraq 2 milyard 450,3 milyon kVt/saat, SES-lərdə 3,4 milyon kVt/saat artaraq 81,6 milyon kVt/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 5,5 milyon kVt/saat azalaraq 24,7 milyon kVt/saat olub. Külək elektrik stansiyalarında 6,7 milyon kVt/saat, günəş elektrik stansiyalarında 3,3 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 14,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Bu dövrdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 milyard 333,5 milyon kVt/saat (İES-lərdə 2256,2 milyon kVt/saat, SES-lərdə 77,3 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 29,17 milyon kVt/saat (İES-lərdə 23,27 milyon kVt/saat, SES-lərdə 2,86 milyon kVt/saat, GES-də 3,04 milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 3,82 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 190,1 milyon kVt/saat təşkil olub.
Yanvar ayında elektrik enerjisinin ixracı 247,2 milyon kVt/saat olmaqla, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 72,1 milyon kVt/saat artıb. Elektrik enerjisinin idxalı isə 10,7 milyon kVt/saat olmaqla, 2021-ci ilin müvafiq dövrünə nisbətən 0,3 milyon kVt/saat azalıb.