PARİSİN MƏRKƏZİ KÜÇƏLƏRİNDƏ XOCALI SOYQIRIMI İLƏ BAĞLI AKSİYALAR KEÇİRİLMİŞDİR
Bakı, 1 mart (AZƏRTAC). “İrəli” İctimai Birliyinin, Azərbaycan Fransız Gənclik Təşkilatının və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisin Pol Klodel meydanında (Senat yaxınlığında) Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar aksiya keçirilmişdir.
“İrəli” İctimai Birliyinin mətbuat xidmətindən bildirmişlər ki, paytaxt Prisdən əlavə Tuluza, Strasburq, Nant, Bezanson, Marsel, Nansi, Lyon və s. şəhərlərindən gəlmiş 150 - dək gəncin iştirakı ilə keçirilmiş aksiyanın əsas hədəfi Fransa Senatının diqqətini 18 il əvvəl erməni quldur birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyrımı aktına yönəltmək, faciə ilə bağlı məsələnin bu qurumun gələcək iclaslarının müzakirəsinə çıxarmağa nail olmaq idi.
İştirakçılar üçün əvvəlcədən “İrəli” İctimai Birliyi tərəfindən xüsusi köynəklər və tədbirdə istifadə ediləcək şüarları əks etdirən posterlər hazırlanmışdır. Tədbirdə istifadə olunmuş kitablar və broşürlər Heydər Əliyev Fondu tərəfindən təqdim edilmişdir.
Aksiya zamanı Fransa ictimaiyyətinin və bu ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların diqqətinin erməni terrorizminə, Xocalı faciəsinə cəlb edilməsi və ölkə Senatının 18 il əvvəl törədilmiş bu qanlı hadisənin soyqırımı aktı kimi tanıması məqsədi ilə şüarlar səsləndirilmişdir. Etiraz aksiyası başa çatdıqdan dərhal sonra iştirakçılar müxtəlif qruplara ayrılaraq Parisin əhalinin daha çox olduğu bir neçə guşəsində yerli ictimaiyyətin nümayəndələrinə Xocalı qətliamının reallıqlarını və erməni vəhşiliklərini əks etdirən kiçik kitabçalar və bukletlər paylamışlar. Bundan əlavə, aksiyanın kütləvi informasiya vasitələrində işıqlandırılması üçün Fransada onlarla televiziya və radio qurumlarına, müxtəlif elektron informasiya agentliklərinə və qəzetlərə məlumatlar verilmişdir.
Etiraz dinc xarakter daşıyaraq, nəzərdə tutulmuş yerdə meqofonla şüarların səsləndirilməsi, əhaliyə traktların və kitabların paylanması və sonda bəyannamənin Senata təqdim edilməsi ilə bitmişdir.
Aksiya zamanı Azərbaycanın milli bayrağı ilə yanaşı, Fransnın dövlət bayrağı da dalğalanmışdır. Məqsəd fransız xalqının diqqətini milli problemlərimizə yönəldərək, onları bu məsələdən agah etmək olmuşdur.
######
