Politoloq: İranın İslam həmrəyliyindən danışmağa heç bir haqqı yoxdur
Bakı, 6 aprel, AZƏRTAC
Otuz ilə yaxın bir dövrdə Azərbaycan torpaqlarının işğal altında olması ilə bağlı heç bir açıq bəyanatla çıxış etməyən İran İslam Şurasının üzvlərinin bu gün Azərbaycan əleyhinə bəyanatla çıxış etməsi və riyakar İslam “təəssübkeşliyi” göstərməsi kifayət qədər qərəzli mövqeyin bariz nümunəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Aytən Qurbanova söyləyib.
Azərbaycan Respublikasının suveren xarici siyasi kursa sahib müstəqil dövlət olduğunu qeyd edən politoloqun sözlərinə görə, ölkəmizin strateji tərəfdaşları sırasında önəmli yer tutan İsraillə münasibətlərin inkişaf etdirilməsi və diplomatik nümayəndəliyin fəaliyyətə başlaması heç bir halda heç bir dövlətə münasibətdə təhdid xarakteri daşıya bilməz. Eyni zamanda, Azərbaycan hər zaman Fələstinin ərazi bütövlüyünə hörmətlə yanaşıb və bunu açıq şəkildə ifadə etməkdən çəkinməyib.
“Paralel olaraq, Azərbaycan Respublikası kifayət qədər geniş coğrafiyanı əhatə edən, Türk və Ərəb dünyasını da özündə birləşdirən İslam platforması ilə kifayət qədər yüksək ikitərəfli və çoxtərəfli əlaqələrə malikdir. Bu əlaqələr xüsusilə ərazi bütövlüyünə hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanmaqla daima yüksələn xətlə inkişaf edir. Həmçinin Azərbaycan bu gün İslam dünyası ilə digər sivilizasiyalar arasında körpü rolunu oynamaqla dinlər və mədəniyyətlərarası dialoqun əsas təşəbbüskarı qismində çıxış edən etibarlı tərəfdaşdır.
Bu nöqteyi-nəzərdən yanaşdıqda, İran İslam Şurasının bu absurd və qeyri-ciddi bəyanatının əsas məqsədinin mahiyyət etibarilə Azərbaycanın beynəlxalq nüfuzunun hədəfə alınması aydın olur. Əgər İran həqiqətən İslam təəssübkeşliyi missiyasını daşıyırsa, o zaman erməni vandalizminin nəticəsi olaraq Qarabağda dağıdılmış məscidlər və müsəlman abidələri ilə bağlı niyə açıq bəyanatlarla çıxış edərək Ermənistanı ittiham etmir. Digər tərəfdən, otuz ilə yaxın davam edən işğal dövründə İranın özünün “müsəlman torpağı” olaraq təqdim etdiyi Qarabağın milli sərvətlərinin istismarına sadəcə göz yummayıb, həmçinin bu prosesdə iştirak etdiyi zaman o, İslam dəyərlərini niyə xatırlamırdı?”, - deyə politoloq vurğulayıb.
Aytən Qurbanova bildirib ki, İranın, ümumiyyətlə, İslam həmrəyliyindən danışmağa nə mənəvi, nə əxlaqi, nə də hüquqi haqqı yoxdur. Hətta müqəddəs Ramazan ayında öz məkrli niyyətlərini gizlətməyərək anti-Azərbaycan çıxışlarını davam etdirən İran Xocalıda, Başlıbeldə, Bağanis Ayrımda soyqırımına məruz qalmış günahsız həmvətənlərimizin əziz xatirəsi qarşısında utanmalıdır.