QHT sədri: Prezidentin regionlara hər səfəri yeni infrastruktur layihələrinin əsasının qoyulması ilə səciyyələnir
Bakı, 10 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin regionlara səfəri çox əhəmiyyətli infrastruktur və sahibkarlıq layihələrinin əsasının qoyulması ilə səciyyələnir. Bu səfərlər bütün regionların iqtisadi inkişafında mühüm və əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısının cari ildə rayonlara etdiyi səfərlərə nəzər salsaq, onların çox məhsuldar keçdiyini deyə bilərik. Səfərlər zamanı məktəblərin, xəstəxanaların, yolların, su elektrik stansiyalarının və digər sosial obyektlərin açılışlarını müşahidə edirik. Digər tərəfdən yerli əhəmiyyətli müəssisələrin açılışını qeyd edə bilərik. Bu da sözsüz ki, regionlarda iqtisadi aktivliyin artırılmasında, həmçinin yerli icra orqanlarının işinin daha da təkmilləşdirilməsində önəmli rol oyanır. Azərbaycan Prezidenti bu il 10-dan çox rayona və şəhərə səfər edib. Bunların içərisində həm də işğaldan azad olunmuş bölgələrimiz var. Dövlətimizin iqtisadi siyasəti daha çox işğaldan azad edilmiş bölgələrin inkişafının təmin edilməsinə yönəlsə də, paralel olaraq digər ərazilərimizdə də tikinti-quruculuq layihələri davam etdirilir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli söyləyib.
O bildirib ki, dövlətimizin başçısı son səfəri zamanı Qazax rayonunda yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak etdi, həmçinin Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış oldu. Bu da həm Qazaxın sərhəd mühafizəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addım, həm də infrastruktur layihələrinin diqqətdə saxlanılmasının bariz nümunəsidir.
“Prezident İlham Əliyevin regionlara səfərləri ənənə halını alıb. Belə ki, cari ilin mart ayında Tərtər rayonuna səfər edən Azərbaycan Prezidenti orada Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışında iştirak etmişdi. Bundan əlavə, Suqovuşan qəsəbə tam orta məktəbində yaradılan şəraitlə, orada su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olmuşdu. Bunlar həmin bölgələrin irriqasiya sisteminin təkmilləşdirilməsinə, kənd təsərrüfatının potensialını artırmasına xidmət edən addımlar idi. Dövlətimizin başçısı, həmçinin bu ilin aprelində Neftçala və Saylan rayonlarında da səfərdə olub. Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanışlıq, yeni inşa olunan məktəbin açılışında iştirak, Salyan rayonunda isə Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq dövlətimizin regionlarda əhalinin sağlamlığının qorunmasına və sosial problemlərinin həllinə daha böyük diqqət ayrıldığını deməyə əsas verir”, - deyə E.Kərimli qeyd edib.
QHT sədri vurğulayıb ki, dövlətimizin başçısının bölgələrə səfərləri onun həmin yerlərdə görülən işlərlə şəxslən tanış olması baxımından mühüm əhəmiyyət kəsb edir.