Qubadlıda ermənilər tərəfindən qətlə yetirilən Oleq Babakın Poltovada yaşayan ailəsinə yardım edilib
Kiyev, 23 aprel, AZƏRTAC
Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində Sovet İttifaqı Qəhrəmanı, Qubadlı rayonunda ermənilər tərəfindən qətlə yetirilən Oleq Babakın xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayev Poltavada yaşayan Oleq Babakın valideynlərinə baş çəkib.
Sabir Rzayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən dövlətimiz daima Oleq Babakın ailəsinə öz qayğısını göstərir.
“Bura gəlməyimizin məqsədi bir daha Azərbaycan dövlətinin dəstəyini, yardımını sizə çatdırmaqdır. Artıq Oleq Babakın ruhu da şaddır, çünki Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Ordumuz işğalda olan torpaqlarımızı, o cümlədən Qubadlı rayonunu azad edib. İndi həmin ərazilərdə yenidənqurma və bərpa işləri aparılır”, - deyə Sabir Rzayev əlavə edib.
O.Babakın valideynləri Azərbaycan dövlətinin onların problemləri ilə həmişə yaxından maraqlandığını vurğulayıblar. Qeyd ediblər ki, Oleq Babakın xatirəsi həmişə Azərbaycan xalqı tərəfindən əziz tutulur, yad edilir.
Qeyd edək ki, Oleq Babak 25 fevral 1967-ci ildə Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində fəhlə ailəsində doğulub. O, 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ali siyasi kollecinə daxil olub. 1989-cu ildə kolleci bitirdikdən sonra SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasında siyasi hissə üzrə 11-ci bölüyün komandir müavini vəzifəsində xidmət edib.
Xüsusi təyinatlı 21-ci briqadanın siyasi hazırlıq üzrə bölük komandirinin müavini olan Oleq Babak 1991-ci ilin mart ayından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirib. 7 aprel 1991-ci il tarixində Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra 24 yaşlı Oleq Babak SSSR Daxili İşlər Nazirliyinin 21-ci briqadasının tərkibində hadisə yerinə göndərilir. Burda yerli kənd camaatı ilə birgə təxminən 70 nəfər erməni silahlısının mühasirəsinə düşür.
Ermənilərin yerli sakinləri təhvil verib geri çəkilmək tələbinə məhəl qoymayan 24 yaşlı ukraynalı leytenant heç bir nəfər də azərbaycanlının əsir düşməsinə imkan verməyərək son gülləsinə qədər vuruşaraq qəhrəmancasına həlak olub. Onun bu şücaəti nəticəsində yüzlərlə azərbaycanlının həyatı xilas olub.
SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının leytenantı Oleq Babak SSRİ prezidentinin 1991-ci 17 sentyabr tarixli Fərmanı ilə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev