Qubanın Qəçrəş kəndində yerləşən yanğın təhlükəli istirahət mərkəzinin fəaliyyəti dayandırılıb
Bakı, 12 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Quba rayonunun Qəçrəş kəndində yerləşən “Asma körpü” istirahət mərkəzində aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxlu nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Yoxlama zamanı obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun quraşdırılmadığı, mətbəxdə sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunduğu, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmadığı, o cümlədən elektrik naqillərinin izolyasiyasının gərginliyinə qarşı müqavimətinin yoxlanılması barədə akt tərtib edilmədiyi, müəssisənin ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilmədiyi aşkarlanıb. Həmçinin taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmadığı, obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadığı, müəssisədə daşınmaz əmlak “İcbari sığortalar haqqında” Qanuna uyğun olaraq sığorta olunmadığı müəyyən edilib.
“Beləliklə, mövcud vəziyyət obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcəyini göstərir. Bütün bunları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Quba rayonunun Qəçrəş kəndində yerləşən “Asma körpü” istirahət mərkəzinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, - deyə məlumatda vurğulanıb.