Qurbanməmmet Elyasov: Nəqliyyat və logistika sahələri üzrə qarşılıqlı əlaqənin daha da gücləndirilməsi zəruridir
Bakı, 18 iyun, AZƏRTAC
Türkmənbaşı Beynəlxalq Dəniz Limanında və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yaradılmış müasir infrastruktur, sıx əməkdaşlıq şəraitində ərazilərimizdən yüklərin tranzitini təmin edir. Çünki tranzitlə bağlı məsələlərdə qonşu dövlətlərlə qarşılıqlı əlaqə olmadan nəticə əldə etmək mümkün deyil. Bu gün nəqliyyat-logistika infrastrukturunun yüksək səviyyəsini qeyd etməyimiz Türkmənistanın və Azərbaycanın bu sahədə məqsədyönlü fəaliyyətindən xəbər verir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq mövzusunda simpoziumda çıxışı zamanı Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov söyləyib.
Səfir iki ölkənin limanlarının daha böyük imkanlarını qeyd edərək, Xəzər dənizindəki qonşularımızla müqayisədə yüklərin daşınması üçün böyük potensialımızın olduğunu və bunun həm Çindən Avropaya, həm də əks istiqamətdə tranzit yük axınının artırılması ilə bağlı mövcud çağırışlara hazır olduğumuzu göstərdiyini bildirib. "Bu baxımdan, əməkdaşlığımızın, bütün nəqliyyat və logistika sahələri üzrə qarşılıqlı əlaqənin daha da gücləndirilməsini zəruri hesab edirəm", - deyə o, diqqətə çatdırıb.