Regionda artan geosiyasi risklər alternativ nəqliyyat dəhlizlərinə marağı gücləndirir - ŞƏRH
Bakı, 2 mart, AZƏRTAC
Regionda müşahidə olunan geosiyasi gərginlik nəqliyyat-logistika zəncirinə birbaşa təsir göstərir və alternativ tranzit marşrutlarına marağı artırır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, xüsusilə Cənubi Qafqaz regionu son illər qlobal yükdaşımada strateji mövqeyini daha da gücləndirib.
“Mövcud marşrutlardan hər hansı birinin qısa müddətli belə bağlanması yüklərin alternativ istiqamətlərə yönəlməsinə və həmin xətlərdə sıxlığın artmasına səbəb olur. Bu isə tranzit vaxtının uzanması və logistika xərclərinin yüksəlməsi ilə nəticələnir. Alternativ dəhlizlərə maraq artsa da, bu marşrutların hamısı hələ böyük həcmdə yük axınını eyni vaxtda qəbul etmək imkanına malik deyil. Nəqliyyat dəhlizləri bir-biri ilə sıx əlaqəlidir. Zəncirin bir halqasında yaranan problem bütün sistemə təsir edir. Ona görə də koordinasiyalı və mərhələli inkişaf əsas şərtdir. Azərbaycan üzərindən keçən Orta Dəhliz, xüsusilə düzən ərazilərdən keçməsi və infrastruktur üstünlükləri baxımından rəqabət qabiliyyətini qoruyur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında konteyner daşımalarının həcmi artıq 150 min TEU-ya çatdırılıb. Yaxın illərdə bu göstəricinin 260 min TEU-ya, ikinci mərhələdə isə 500 min TEU-ya qədər artırılması planlaşdırılır”, - deyə o vurğulayıb.
Ekspertin fikrincə, 2030-cu ilə qədər 10–11 milyon ton yük ötürülməsi hədəfi realdır, lakin bunun üçün liman, dəmir yolu və avtomobil infrastrukturunun paralel inkişafı, eləcə də gömrük prosedurlarının sürətləndirilməsi vacibdir. Onun sözlərinə görə, yaxın iki il ərzində Zəngəzur dəhlizinin açılması Qafqaz regionunun dünya tranzit xəritəsində rolunu daha da artıracaq. Eyni zamanda, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçirilən layihələrin vaxtında tamamlanması böyük əhəmiyyət daşıyır: “İran və Rusiya istiqamətində icra olunan yol və dəmir yolu layihələrində mümkün gecikmələr yük axınının digər marşrutlara yönəlməsi riskini yarada bilər. Tranzit bazarında əsas meyar sürət deyil, etibarlılıq və sabitlikdir. Əgər layihələrin açılış qrafikində təxirəsalma olarsa, bu, investor qərarlarına təsir göstərə bilər. Bütün regional nəqliyyat marşrutlarının paralel işləməsi ümumi iqtisadi sabitlik baxımından vacibdir. Bununla yanaşı, Azərbaycanın strateji məqsədi yük axınının mümkün qədər böyük hissəsinin ölkə ərazisindən keçməsini təmin etməkdir və bu istiqamətdə 2030-cu ilə qədər mərhələli fəaliyyət planı həyata keçirilir”.