İQTİSADİYYAT
Sayğac sxemlərinə müdaxilə hallarının qarşısı alınır
Sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınması məqsədilə tədbirlər “Daşkəsən” Elektrik Şəbəkəsi Müəssisəsində davam etdirilib.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin sentyabr ayında keçirilmiş reydlər zamanı müəssisə üzrə 4 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkarlanıb və 2,7 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 160 manatdan artıq istehlak dəyəri bərpa olunub. Cari ilin ötən 9 ayında isə 150 istehlakçının sayğac uçot komplektində pozuntu faktı qeydə alınıb və 276,1 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 16,6 min manatdan çox istehlak dəyəri bərpa olunub. Bu dövrdə elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə üstünlük təşkil edib və ən çox məişət abonenti (əhali) istehlakçı qrupunda qayda pozuntusu qeydə alınıb.