ŞƏKİDƏ SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Şəki, 31 mart (AZƏRTAC). Şəkidə 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı “Erməni genosidi” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
Təhsil, səhiyyə və mədəniyyət işçilərinin, gənclərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə şəhər təhsil şöbəsinin müdiri Firədun İbrahimov açaraq, 92 il bundan əvvəl - 1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar və onun acı nəticələri barədə danışmış, Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və Azərbaycanın digər yerlərində törədilən bu qətliamlar zamanı on minlərlə həmvətənimizin qəddarcasına öldürüldüyünü, xalqımızın qiymətli maddi mədəniyyət abidələrinin məhv edildiyini xatırlatmışdır.
Konfransda “Azərbaycanlılara qarşı erməni genosidi bəşər tarixinin ən qanlı səhifələrindəndir”, “Tariximizin qanlı izləri”, “1918-20-ci illərdə ermənilərin Azərbaycanda həyata keçirdiyi soyqırımı hadisələri”, “Ermənilərin məkrli siyasətinin mart soyqırımından sonrakı illərdə davamı”, “Sovet hakimiyyəti illərində Şəkidə erməni fitnəkarlığı” və digər mövzularda məruzə və çıxışlar dinlənilmişdir. Bu çıxışlarda ermənilərin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı barədə həqiqətlər tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırılmış, qanlı cinayətlərin yüz illər boyu planlı şəkildə davam etdirildiyi vurğulanmışdır.
Şəhər icra hakimiyyətinin başçısı aparatının şöbə müdiri Rəfail Mənəfov bildirmişdir ki, tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra soyqırımı barədə həqiqətlərin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparılmış, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla erməni millətçilərinin hərəkətlərinə dolğun və hərtərəfli hüquqi-siyasi qiymət verilmişdir.