SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ƏZİZ TUTULUR
Ağdam, 31 mart (AZƏRTAC). Quzanlı qəsəbəsində 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev erməni millətçiləri tərəfindən əsrlər boyu azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti barədə iştirakçılara məlumat vermişdir. Qeyd edilmişdir ki, 1905-1907, 1918-1920 və 1988-1993-cü illərdə erməni millətçiləri Azərbaycan torpaqlarında xalqımıza qarşı kütləvi qırğınlar törədərək yaşayış məntəqələrini, tarix və mədəniyyət abidələrini, məscidləri, məktəbləri, səhiyyə ocaqlarını dağıtmışlar. 1918-ci ilin martında erməni millətçilərinin Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi ilə həyata keçirdikləri soyqırım zamanı on minlərlə dinc əhali məhv edilmiş, görünməmiş qanlı cinayətlər törədilmişdir. Ermənilərin azərbaycanlılara qarşı yönəldilmiş bu məkrli siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmiş, Zəngəzur və digər ərazilər heç bir əsas olmadan Ermənistana verilmiş, 1948-52-ci illərdə Azərbaycan türkləri öz dədə-baba torpaqlarından deportasiya edilmişlər. Ötən əsrin 80-ci illərində 200 minə yaxın azərbaycanlı Ermənistandan amansızcasına qovulmuşdur. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş, Xocalı, Qaradağlı və digər yaşayış məntəqələrində qanlı faciələr dörədilmişdir.
Natiq azərbaycanlılara qarşı yüz illər boyu davam edən soyqırımı və deportasiya siyasətinin mahiyyətini və tarixi köklərini ətraflı təhlil etmiş, soyqırımı hadisələrinə, erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin xidmətlərinı vurğulamışdır. Bildirmişdir ki, ulu öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanından sonra faciə ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılır.
Yığıncaqda Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın haqq işinin qalib gələcəyinə və işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə əminlik vurğulanmışdır.